Dünya xəlq olunandan indiyədək nə qədər savaşlardan, görünən və görünməyən bəlalardan keçib. Təəssüf ki, bu günümüz də istisna deyil.

Sadəcə, hələ də yaxın olan tarixdə – XX əsrin birinci yarısında neçə-neçə ölkənin əhalisini zəmi kimi biçmiş pandemiyalar dövründən fərqli olaraq, bu gün Yer planeti COVİD-19 virusu ilə savaşdığı bir zamanda informasiya texnologiyaları, evdən çıxmadan dünya ilə virtual əlaqə qurmaq imkanları insanların köməyinə gəlir.

Təxminən bir aydır ki, dünyanın tanınmış musiqi kollektivləri, dünya şöhrətli musiqiçilər və ifaçılar, tamaşalarına hətta bir neçə ay əvvəldən bilet satılan teatr kollektivləri sənətsevərlərlə birbaşa, canlı ünsiyyəti dayandırmağa məcbur olsalar da, onları virtual yayımlarla evdə darıxmağa qoymurlar. Necə deyərlər, hələ dünyanın dinc vaxtında öz kollektivinin virtual aləmə çıxışını təmin etmiş, yüksək texnoloji imkanları öz məkanına gətirmiş sənət ocaqları onlayn rejiminə keçərək internet üzərindən canlı tamaşa oynayır, konsertlər verirlər.

***

Azərbaycan sənətçiləri də bu sahədə geri qalmırlar, mövcud şəraitdə müxtəlif layihə və təşəbbüslərdə yer alırlar.

Bakı Musiqi Akademiyasının nəzdində yaradılmış, artıq ölkəmizin hüdudlarından kənarda kifayət qədər tanınan “Baku Chamber Orceshtra” gənclər kamera orkestri  koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sosial təcridə çağıran #evdəqal aksiyasına qoşulub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə “Baku Chamber Orceshtra” dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “İldırımlı yollarla” baletindən fraqmenti ifa edib. Bu ifanın ən maraqlı cəhəti isə bu olub ki, orkestrin bütün üzvləri və dirijor, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Fuad İbrahimov öz evlərindən ayrı-ayrılıqda çıxış etməklə virtual proqramı təqdim ediblər.

Bir neçə gün ərzində xeyli izləyici qazanmış ifaya “Youtube”da müvafiq linkdə baxmaq olar.

***

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadənin təşəbbüsü ilə “Gənclərə dəstək” layihəsinin iştirakçısı olan musiqiçilər #evdəqal#gəncləridinlə aksiyasına qoşulublar.

İlk olaraq beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nərgiz Hüseynzadə, beynəlxalq və respublika müsabiqələrinin laureatları Elmira Dadaşova, Əli Həsənli, Aytən Rüstəmli və Sevinc Mirzəli bu aksiyaya  qoşulublar. Gənc musiqiçilər öz evlərindən çıxmadan “Youtube” izləyicilərinə klassik musiqi zövqü bəxş ediblər.

***

Tamaşaçı istəyinə və zamanın tələbinə daha cəld reaksiya verən sənət kollektivlərindən biri də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Bakı Uşaq və Gənclər Teatrıdır. Teatr martın 26-dan internet üzərindən tamaşaçılara virtual repertuarını təqdim edir. Tamaşaçılar əvvəlcədən açıqlanan tarixlərdə səhnə əsərlərini teatrın “Youtube”, “Facebook”, “İnstagram” səhifələrində izləyə bilərlər. Aprelin 7-də “Dovşanın evi” və “Göyçək Fatma”, aprelin 11-də, 15-də və 19-da da ardıcıllıqla “Əyriqulaq dovşan”, “Günahsız günahkarlar” və “Çay dəsgahı” tamaşaları göstəriləcək.

Teatrın mətbuat katibi Leyla Həşimova söylədi ki, aktyorlar həmçinin Azərbaycan və dünya xalqları nağıllarından seçmələr üzərində işləyir, onları bədii qiraət nümunəsi kimi hazırlayaraq həm teatrın, həm də özlərinin sosial şəbəkə səhifələrində yayımlayırlar.

Daha bir layihə tamaşaçılar arasında şeir müsabiqəsidir. Uşaqlar söylədikləri şeirləri videoya çəkərək teatrın elektron ünvanına göndərəcəklər. Qalib tamaşaçılar karantindən sonra teatrda oynanılacaq tamaşalara hədiyyə bilet qazanacaqlar.

Gülcahan MİRMƏMMƏD