Koronavirus infeksiyası ilə bağlı, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da zəruri sosial izolyasiya tədbirləri və xüsusi karantin rejimi davam edir.

Yaranmış vəziyyət həyat tərzimizə, iş və fəaliyyətimizə əsaslı şəkildə təsir edib.  O cümlədən mədəniyyət müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.  Novruz bayramı günlərindən sonra ölkəmizdə qəzet və jurnalların çap və yayımına müvəqqəti fasilə verilmişdi.

Bu günlər bir çoxlarımız bilavasitə iş yerlərimizdə olmasaq da, müasir informasiya texnologiyaları vasitəsilə öz evimizdən fəaliyyətimizi, bir-birimizlə ünsiyyəti müəyyən məcrada davam etdirə bilirik. “Mədəniyyət” qəzeti də mövcud şəraitdə nəşrinə qısa müddətə ara verməli olsa da, elektron formatda – saytımız (medeniyyet.az) və sosial media (facebook.com/medeniyyet.qezeti) vasitəsilə oxucularla ünsiyyəti kəsməyib.

Budur, qısa fasilədən sonra qəzetimiz yenidən sizin qarşınızdadır. Eyni zamanda elektron formatda ünsiyyətimiz davam edəcək.

İnanırıq ki, hər birimizin və bütövlükdə xalqımızın sağlığı naminə zəruri olan sosial izolyasiya vəziyyəti tezliklə aradan qalxacaq. Bu müddətin daha tez bitməsi üçün karantin qaydalarına şərtsiz əməl etməliyik. Evdə qalın! Nəzərə alın ki, ölkə əhalisinin böyük əksəriyyətinin karantin rejimini evlərində keçirdiyi bu günlər ölkə üçün həyati əhəmiyyət kəsb edən ayrı-ayrı sahələrdə insanlar çalışmaqda davam edirlər. Eləcə də media vasitələri də sizləri hər şəraitdə ən müxtəlif informasiyalarla təmin etmək üçün iş başındadır. Daima bizim ruh qaynağımız olan mədəniyyətimiz də hər zaman sizinlədir...