Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkəmizdə tətbiq olunan sosial izolyasiya və karantin tədbirləri ilə bağlı fəaliyyətini müvəqqəti dayandıran mədəniyyət müəssisələri elektron (onlayn) şəkildə müxtəlif layihələr həyata keçirməkdədir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası da bu müddət ərzində kiçikyaşlı oxucularına dəstək olmaq məqsədilə onları özünün www.clb.az internet ünvanının multimedia bölməsində audio nağılları dinləməyə dəvət edir.

Kitabxananın internet ünvanına daxil olmaqla evdə olduğunuz günlərdə müxtəlif nağılları dinləmək, mütaliəni davam etdirmək olar. Oxucular Respublika Uşaq Kitabxanasının saytından mütaliə üçün elektron kitabları da əldə edə bilərlər.

Kitabxana kiçikyaşlı oxucularını kitabxananın internet ünvanında olan multimedia bölməsindəki uşaq mahnıları ilə də tanış olmağa dəvət edir. Bir çox tanınmış bəstəkarların əsərlərinin də daxil olduğu bölmə uşaqlara bu günləri daha səmərəli keçirməkdə kömək olacaq. Hazırda kitabxananın saytında kiçikyaşlı oxuculara ümumilikdə 85 uşaq mahnısı təqdim edilir.

Respublika Uşaq Kitabxanası karantin rejimi ilə bağlı evdə olduqları zaman məktəblilərin dərslərindən geri qalmamaları üçün internet saytındakı ədəbiyyat bölməsinə yeni audiodərsliklər də əlavə edib.