Azərbaycanın pandemiyadan ağır zərər görən ölkələrə mənəvi dəstək nümayişi geniş rezonans doğurub

Bütün Yer kürəsini cənginə alan, irili-xırdalı hər bir ölkəni təhdid, ümumilikdə bəşəriyyətin sağlıq və təhlükəsizliyini hədəf alan koronavirus (COVİD-19)  pandemiyası hələ ki səngimək bilmir və yayılma miqyasını genişləndirir. Yaranmış vəziyyətdə dünya ölkələrinin,  beynəlxalq ictimaiyyətin təkcə maddi deyil, mənəvi baxımdan da qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi zəruridir.

Çünki bu təhlükənin artıq super gücündən, iqtisadi potensialından, maliyyə imkanlarından asılı olmayaraq, hər bir ölkəni ciddi təhdid etdiyi və ayrılıqda, təkbaşına heç bir dövlətin bunun öhdəsindən gələ bilməyəcəyi hamıya aydındır. O da aydındır ki, koronavirusdan sonrakı dünya artıq əvvəlki dünya olmayacaq. Çünki ən qüdrətli dövlətlər belə bəşəri bir təhlükə önündə özlərinin gücsüzlüyünü hiss etdi və  zəif bəndlərinin olduğunu gördü.

Azərbaycan pandemiyanın intişar tapmağa başladığı ilk günlərdən bu təhlükəyə qarşı mübarizədə dünya ilə həmrəyliyini nümayiş etdirməkdədir. Bu təkcə dövlət tərəfindən atılan konkret addımlarda özünü göstərmir.

Bu günlər Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq, virusdan zərər çəkən bir dövlətin bayrağı hər gün həmin ölkənin musiqisinin müşayiəti ilə Bakının müasir simvollarından birinin – Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Bununla da koronavirus pandemiyasının geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstək, hörmət və ehtiram ifadə edilir.

Bu nəcib təşəbbüs beynəlxalq miqyasda da geniş rezonans və rəğbət doğurub.

“Euronews” kanalı Heydər Əliyev Mərkəzinin COVİD-19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirib. Mərkəzin müxtəlif ölkələrin dövlət bayraqlarını əks etdirdiyi videoproyeksiyalar kanalın “Şərhsiz” bölümündə yayımlanıb.

Çinin nüfuzlu kütləvi informasiya vasitələri də Heydər Əliyev Mərkəzinin Azərbaycanın koronavirus pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq həyata keçirdiyi aksiyanı diqqətdə saxlayıb. Çin KİV-ləri bu aksiyanın Azərbaycanın pandemiyadan əziyyət çəkən Çin xalqına ehtiramının ifadəsi olduğunu yazıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edir. Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur.