Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası Milli Məclisin Sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə, Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir. Qərara alınıb ki, karantin rejimi ilə əlaqədar olaraq hesabat distant formada – videomüraciət şəklində dinlənilsin.

Baş Nazir Əli Əsədov videohesabatda Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bərabər, koronavirus pandemiyası ilə bağlı yaranmış cari vəziyyətdən də bəhs edib.

Bildirib ki, hökumət dünya iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda izləyir və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir. Koronavirus pandemiyası, aşağı neft qiymətləri və sosial təcriddən irəli gələn aşağı tələbin digər ölkələrdə olduğu kimi milli iqtisadiyyatımız üçün təsirlər yaradacağı istisna edilmir. Lakin hökumət ölkə iqtisadiyyatına mənfi təsirlərin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir.

Baş Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb, həmçinin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri və Mərkəzi Bank sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradılıb və hazırda vahid tədbirlər planı hazırlanıb və təsdiq olunub. Qeyd edək ki, sözügedən tədbirlər planı əlavə 1,5 milyard manatı əhatə edəcək.

Əli Əsədov bildirib ki, karantin rejiminin tətbiq olunması, məhdudlaşdırıcı tədbirlərin görülməsi – bütün görülən işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür – biz bu ağır sınaqdan az itkilərlə çıxmalı, vətəndaşlarımızı qorumalıyıq.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb. Daha sonra hesabat səsə qoyularaq qəbul olunub.