Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) koronavirus pandemiyasının törətdiyi çətinlikləri aradan qaldırmaq məqsədilə “Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirib.

Daşkənddə yaşayan bir sıra imkansız və maddi vəziyyəti çətin olan azərbaycanlılara və özbəklərə, habelə şəhərdəki 30 saylı uşaq evinin sakinlərinə ərzaq verilib. Sözügedən uşaq evində azərbaycanlı və özbək kimsəsiz uşaqlar yaşayır və təhsil alırlar.

Mərkəzin əməkdaşları xüsusi sovqatlar hazırlayaraq onları evlərə çatdırıb, daha imkansız ailələrə pul vəsaiti verib, onları “Evdə qal” aksiyasına əməl etməyə çağırıblar.

Qeyd edək ki, AMM-in əməkdaşları bundan öncə də ölkəmizin səfirliyində yaradılan xüsusi fonda vəsait köçürərək Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına dəstək ifadə ediblər.