Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə həyata keçirilən karantin tədbirləri ilə bağlı digər mədəniyyət müəssisələri kimi, kitabxanalar da fəaliyyətini internet üzərindən – virtual rejimdə davam etdirir.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Xalq şairi Səməd Vurğun haqqında virtual sərgi hazırlayıb. Sərgidə şairin həyat və yaradıcılığı ilə bağlı qısa məlumat paylaşılıb, onun kitabları və haqqında yazılmış əsərlər yer alıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri (MKS) onlayn müzakirə keçiriblər.

Müzakirədə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova və Xəzər rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova yeni layihələr, bədii ədəbiyyat və mütaliə problemləri kimi mövzuları müzakirə ediblər, izləyicilərin sualları cavablandırılıb.

Bundan əlavə, kitabxanalar sosial şəbəkələrdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #mənoxudumsəndəoxu, #şeirdepozitivol, #sənətinlədəstəklə kimi çağırışlarına qoşularaq həyata keçirdikləri tədbirlərdən bəhs ediblər.