Startap müsabiqəsi elan olunub

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus (COVİD-19) pandemiyası bir çox sahələrə öz təsirini göstərib. Bu səbəbdən təhsil və mədəniyyət müəssisələri, eləcə də digər təşkilatlar öz fəaliyyətlərini onlayn şəkildə təşkil edirlər. Nəticə olaraq, onlayn resurslara olan ehtiyac günbəgün artır və bu da öz növbəsində daha müasir, çevik, yüksəkkeyfiyyətli texnoloji həllərin yaranmasına səbəb olub.

Hazırda dünyanın bir çox ölkələrində rəqəmsal mədəniyyətə keçid prosesləri başlayıb və müşahidələr onu göstərir ki, yaxın gələcəkdə onlayn resurslardan istifadə olunması üstünlük təşkil edəcək.

Bunu əsas götürərək ölkəmizdə də mədəniyyət və yaradıcılıq sahələrində yeni ideyaları və yanaşmaları dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı “Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinə start verir.

Müsabiqə çərçivəsində istənilən şəxs öz layihəsini “Kreativ Azərbaycan” portalının elektron poçt ünvanına (info@creative.az) göndərə bilər. Layihənin təsviri forması sərbəstdir.

Layihələrin qəbulu 15 may 2020-ci il tarixinədək davam edəcək.

Müsabiqənin ümumi fondu 10 000 manat təşkil edir:

- 1-ci yer: 5000 manat

- 2-ci yer: 3000 manat

- 3-cü yer: 2000 manat

Qaliblərin 31 may tarixinədək müəyyənləşdirilməsi nəzərdə tutulur.

Müsabiqə ilə bağlı suallar “Kreativ Azərbaycan” portalı ilə əlaqə saxlanılaraq verilə bilər:

Sayt: www.creative.az

Facebook: https://www.facebook.com/creative.az

Instagram: https://www.instagram.com/kreativaze

E-mail: info@creative.az

Videoresurs bazası hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının saytında “Virtual xidmət üçün” video resurs bazası yaradılıb.

Kitabxananın əməkdaşlarının tərtib etdiyi məlumat bazasında bu gün Azərbaycanda da geniş istifadə olunan “Open Meeting” xarakterli proqramlardan, onların istifadə qaydalarından bəhs edilir. Məlumat bazasında “Microsoft Office 365 Teams”, “Zoom” və digər onlayn platformalarda qeydiyyatdan keçmək, müxtəlif əməliyyatları aparmaq,  “Open Meeting” rejimində görüşlər, konfranslar, müzakirələr, virtual sərgilər keçirmək qaydaları ilə əlaqədar video dərslər və metodiki materiallar yerləşdirilib.  Kitabxana əməkdaşları mütəmadi olaraq bu materialları sosial şəbəkələrdə yayır, istifadəçilərə metodiki və texniki dəstək göstərir. Bu mövzuda treninqlərin keçirilməsi də nəzərdə tutulur.

Kitabxananın öz fəaliyyətində də bu günlər həmin proqramlardan istifadə olunur.