Alim fikri

Biz bu gün çətin və qorxulu imtahan günlərində yaşayırıq. Bilərəkdən fəlakət, müsibət, bəla sözlərini seçmədim. Məncə, bu sözlər insanları qorxudur, onları passivləşdirir, ağıl və duyğu gücündən istifadə imkanlarını azaldır. Ona görə də, imtahan sözünü seçdim.

Bu söz insanı bir savaşda hiss etdirir, ağıl və duyğularını hərəkətə keçirir, ona deyir ki, sən vəziyyəti doğru dəyərləndirsən, elmli olsan, hərəkətə keçsən, bu savaşda qalib gələ bilərsən.

Bu sözlər filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacının koronavirusla bağlı yazısında yer alıb.

Alim yazır: “Bir imtahanın üç işi var: o, güclünü zəifdən, elmi olanı cahildən, yaxşını pisdən seçir. Bu virus da seçəcək, hər kəsin boyası ortaya çıxacaq. Cəsurlar, fədakarlar, paylaşanlar, şəfqət və mərhəmətlilər, insanlara ümid verənlər də ortaya çıxacaq, qorxaqlar, eqoistlər, xəsislər, acımasızlar, şarlatanlar, insanları dəhşətə salanlar da ortaya çıxacaq. İkincisi, imtahanın işi öyrətməkdir. Bu virus da bizi öyrədəcək. Hər şeydən öncə özümüzü və həqiqəti tanıyacağıq. Üçüncüsü, bir imtahan inkişaf etdirir. Ağıllı, elmli, məsuliyyətli olanlar bu imtahandan zəfərlə çıxıb, irəliyə doğru bir addım atacaqlar.

Bu çətin və qorxulu imtahan günlərində insanlar tez-tez soruşurlar: virusdan canımız nə vaxt qurtaracaq? Bu sualın ortaya çıxmasının iki önəmli səbəbi var: a) virusu doğru tanımamaq; b) şəxsi məsuliyyətini qavramamaq. İnsan bu iki dəyərdən (qavrama və məsuliyyətdən) məhrumdursa, dövlət hansı tədbiri alırsa alsın, ciddi nəticə verməyəcək, virusun ömrü uzanacaq, o, can almağa davam edəcək”.

Alim qeyd edir ki, mövcud vəziyyətdə hər kəsin şəxsi məsuliyyətini dərk etməsi və ona görə davranması müstəsna önəm kəsb edir: “Unutmayaq ki, bu dövr həm də bir zehniyyət dəyişikliyi dövrüdür. Bütün zehniyyət dəyişiklikləri sancılı olur. Bir-birinə zidd anlayışları ortaya çıxarır. Bu proses alimin, elmin dəyərini açıq bir biçimdə ortaya çıxardığı kimi, cəhalətin gətirdiyi fəlakəti də göstərir. Bu virus elmin, alimin dəyərini bizə tanıtdı, elə deyilmi?! Bu virus bizə uca Allahın Qurani-Kərimi niyə namaz qıl, oruc tut, zəkat ver, iman et əmrləri ilə deyil, “Oxu!” əmri ilə başladığını öyrətdi, elə deyilmi?!

Təsəvvür edin ki, bir meşə alov-alov yanır, bu alovun sönməsinin iki şərti var: meşədəki bütün ağaclar yanıb kül olacaq, ya da biz bu alovla savaşacağıq. İnsan ağıllı, vicdanlı, mərhəmətli varlıqdır, həm də həyatı ölüm təhlükəsi ilə qarşı-qarşıyadır. Bu halda, yanğınla (virusla) savaşı seçməlidir. İnsanların bir çoxu bu gerçəyi qavradığından virusla savaşır. Ancaq önəmli bir hissəsi də bu savaşda iştirak etmək istəmir. Onların bu davranışı hamımızın həyatına təsir göstərir, çünki biz bir-birimizdən asılıyıq.

Unutmayaq ki, kürəsəl yanğını fərdi, ya da milli (ayrı-ayrı dövlətlər, millətlər biçimində) həll etmək imkansızdır. Bu, kollektivin, Yer üzündəki bütün insanların iştirakı, əməyi, həmrəyliyi, mübarizəsi, məsuliyyəti ilə qazanılacaq bir savaşdır. Hər kəs anlamalıdır ki, fərdi qurtuluş yoxdur”, – deyə S.Hacı qeyd edir.

 

Yazar sözü

Mən bir yazıçı, vətəndaş olaraq dövlətimizin “evdə qal” çağırışını dərk edərəkdən qəbul etmişəm. Baxmayaraq ki, bu, çox çətindir. Hamımız nəinki ölkədə, dünyada yaranmış bu vəziyyəti görürük. Deməli, belə bir şəraitdə sağlamlığımız üçün evdə qalmalıyıq.

Bu sözləri yazıçı Seyran Səxavət söyləyib.

O, karantin günlərində öz yaşam tərzi haqqında məlumat verərək deyib: “Mən Mərdəkanda yaşayıram. Günümü maraqlı keçirmək, yaz günəşini bolluca qəbul etmək üçün, şükür ki, həyət-bacam var. Mənim 100 saatdan artıq videoarxivim var. Eləsi var, 30 il əvvəlin lentidi. İndiyə qədər imkan tapmamışam ki, uzun illər ərzində yaratdığım arxivimdəki müsahibələrimə, çıxışlarıma baxım. İndi bu fürsəti qazanmışam. Hər gün az-az ötən günlərin yaradıcılıq söhbətlərinə baxıram. Onları seyr etdikcə xəyal məni gənclik, cavanlıq dövrümə aparır. Bizdə belə bir sadə atalar sözü var: “Olacağa çarə yoxdur”. İndi nəinki biz, bütün bəşəriyyət bu bəlaya mübtəladı. Zənnimcə, darıxmağa dəyməz. Evdə oturub, illərlə qalaqlanmış işlərimizi görməliyik. Bu vəziyyət bizə dərs olmalıdır. Həyatımızın, sağlamlığımızın qədrini bilməliyik. Qoyulmuş qaydalara riayət etməliyik. Nə etmək olar, bir halda ki, tək biz yox, bütün bəşəriyyət bu vəziyyətdədi, o zaman bəşər övladları son dərəcə diqqətli, ehtiyatlı olmaqla öz sağlamlığının qayğısına qalmalıdır. Özümüzü qorumaqla koronavirusa qalib gəlməliyik.

Məqamı gəlib deyə, bəzi hərəkətləri xatırlatmaq istəyirəm. Biz çox vaxt təbiətlə amansız rəftar edirik. Ona müdaxilə etməyə çalışır, çayların məcrasını dəyişir, nənəm demiş, göyün üzünü deşirik. Təbiətə bu qədər müdaxilə etmək olmaz. Bizi yaşadan təbiətin nemətləridir, biz onu hər cür çirkabdan qorumalıyıq. Təbiət böyük Yaradanın əsəridir. Allahın yaratdığı bu əsərə müdaxilə etmək olmaz. Təbiət bunu götürmür. Düşünürəm ki, koronavirusa qalib gələndən sonra insanlar da öz üzərlərində düzəliş etməyə çalışacaqlar”.

***

Başqalarını bilmirəm, #evdəqal yazıçılar üçün göydəndüşmə bir fürsət oldu. Yarımçıq yazıların bəxtı açıldı. İyirmi il əvvəl alınmış kitabları yenidən oxumağa başladım.

Bu isə yazıçı, şair, professor Zahid Xəlilin sözləridir.

O, karantin günlərində öz yaşam tərzi haqqında məlumat verərək deyib: “Çoxdan bəri yolumu gözləyən Lev Tolstoyu yenidən gözdən keçirməyə başladım. İnanırsınız, heç elə bil universitet illərində və ondan sonra oxuduğum əsərlər deyildi. Səlahəddin Xəlilovun “Şərq-Qərb”, Əbdül Əlizadənin “Fantaziya binomu”, Əbdül Əlizadə və Hikmət Əlizadənin ikicildlik “Pedaqoji psixologiya” və Belinskinin “Seçilmiş əsərləri” isə həmişəlik stolüstü kitablarımdandır. Mən təbiət etibarilə gəzməyi çox sevirəm. Ona görə də ilk günlər başımı nə qədər qatmağa çalışsam da, belə, dözə bilmirdim.

Nəvələrim də, qızlarım da məni yazmağa həvəsləndirirdilər. Bu günlərdə nəvələrimin: “Belə məqamlarda nə etmək lazımdır?” sualına şeirlə cavab vermişəm:

Dünyanı qurtaracaq
Dünyanın öz birliyi.
Həm əqidə birliyi,
Həm də ki söz birliyi.

Amma belə çıxmasın ki, bu vəziyyət yazıçı üçün bayramdı. Qətiyyən belə deyil. Yazıçı təbiət etibarilə azadlığı hər şeydən çox sevir. Mənə elə gəlir ki, “Virus öldü” sözünü eşidən bütün şairlər onu gözəl poetik ifadələrlə yola salacaqlar”.