Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə söhbətləri” layihəsinin növbəti qonağı Xalq yazıçısı Çingiz Abdullayev olub.

Mərkəzin təşkilatçılığı ilə “Zoom” platforması üzərindən reallaşan görüşə ABŞ-ın müxtəlif ştatlarında, eləcə də Kanadada yaşayan otuzdan artıq soydaşımız qoşulub.

Virtual görüşdə Çingiz Abdullayevin yaradıcılığı, Azərbaycan ədəbiyyatı, maarifçilik, təhsil məsələsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, soydaşlarımız tərəfindən müəllifə suallar ünvanlanıb. Görüşün moderatoru ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov olub.

Qeyd edək ki, “Şənbə söhbətləri” layihəsinin əsas məqsədi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələrinə təqdim edilməsi və onların birbaşa ünsiyyətinin qurulmasıdır. Layihənin ilk qonağı Xalq şairi Ramiz Rövşən olmuşdu.

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi 2000-ci ildə iki ölkə xalqları arasında münasibətlərin təşviqi, eləcə də ABŞ-da yaşayan soydaşlarımızı əhatə edən layihələrin həyata keçirilməsi məqsədilə Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təsis edilib.