Koronavirus pandemiyası bütün dünyada həyatın əksər sahələrində müəyyən problemləri ortaya çıxarır. Yaranmış problemlərin daha da dərinləşməməsi və aradan qaldırılması istiqamətində müvafiq layihələr həyata keçirilir. Bu sahədə ölkəmizdə də müxtəlif sosial aksiyalar gerçəkləşdirilir.

Nazirlər Kabineti tərəfindən ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi və sosial izolyasiya günlərində bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi, həmçinin cəmiyyətin diqqətinin onlara yönəldilməsi məqsədilə qanvermə aksiyaları keçirilir. Aprelin 15-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə də belə bir aksiya keçirilib.

Gənclər və İdman naziri Azad Rəhimov və Mədəniyyət naziri Əbülfəs Qarayevin də iştirak etdikləri aksiyaya hər iki nazirliyin əməkdaşları ilə bərabər, KATV 1 kabel televiziyasının, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) nümayəndələri qatılıb. Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda gerçəkləşən aksiyada  ümumilikdə 150 nəfərdən çox insan qan verib.