“Əsas prinsipimiz qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamaqdır”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 21-də koronavirus pandemiyası dövründə qurumun fəaliyyəti ilə əlaqədar media nümayəndələri üçün onlayn mətbuat konfransı keçirib.

M.Abbaszadə DİM-in fəaliyyət istiqamətləri, builki buraxılış və qəbul imtahanları, imtahanların onlayn və oflayn keçirilməsi üçün şərtlər, imtahanların qrafiki və s. məsələlər haqqında jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, martın 1-də 9-cu sinfin buraxılış imtahanını üç istiqamət – Bakı, Şirvan, Naxçıvan üzrə keçirmişdik. Amma koronavirusla əlaqədar ölkədə tətbiq edilən karantin rejiminə görə mart və aprel ayına nəzərdə tutulan digər imtahanlar təxirə salınıb. Ona görə də imtahanların qrafiki üzərində yenidən işləməliyik. Yeni imtahan qrafiki yaxın on gün ərzində ictimaiyyətə təqdim ediləcək.

DİM rəhbəri diqqətə çatdırıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 4-dək xüsusi karantin rejimi davam edir. Sonra biz karantin rejimindən tədricən çıxacağıq. Beləliklə, imtahanların qrafikini də həmin qrafikə uyğun olaraq ictimaiyyətə təqdim edəcəyik.

“Bu gün dünyada COVİD-19 pandemiyası şəraitində imtahanlarla əlaqədar müxtəlif təkliflər, variantlar işlənir. Bizim də beynəlxalq tərəfdaşlarımız var. Biz onlarla dialoqdayıq: hansı alətləri Azərbaycanda tətbiq edə bilərik? Bu proseslərdə bizim əsas prinsipimiz belədir: qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamalıyıq. Əgər hər hansı yeni növ imtahanı tətbiq ediriksə, o imtahan elə olmalıdır ki, qiymətləndirmə prosesi ədalətli keçsin. Kiminsə internetə əlçatmazlığı, kiminsə internetinin fasiləsiz olmaması, kiminsə bu imtahanda iştirak etmək üçün, ümumiyyətlə, evində lazımi qurğu olmaması o demək deyil ki, o insan qiymətləndirmədən kənarda qalmalıdır. Biz bütün alternativ variantları da işləyirik və bu prosesi, insanların sağlamlığını qorumaqla, eyni zamanda qiymətləndirmənin ədalətli olması prinsipi əsasında quracağıq”, – deyə M.Abbaszadə bildirib.