Bu il 80 illiyini qeyd edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də xüsusi karantin rejimi şəraitində fəaliyyətini müasir texnologiyalar vasitəsilə davam etdirir.

Muzey bu istiqamətdə yeni virtual layihəyə başlayıb. “Nizami muzeyində sizinlə” adlı layihədə  muzeydə keçirilmiş ədəbi-mədəni tədbirlərin videoyazıları, seçmə qısa videoparçaları və fotolar təqdim edilir.

Eyni zamanda muzeyin bir neçə dildə izahat aparan bələdçiləri virtual tamaşaçılara ekspozisiya zalları üzrə qısa izahatlar, dəyərli eksponatlar haqqında məlumatlar verirlər.

“Kitabi-Dədə Qorqud” dastanından parçaları əks etdirən xəttatlıq nümunələri, Məhsəti Gəncəviyə həsr olunmuş “Məhsəti və Əmir Əhməd” dastanından əlyazma fraqmentləri, Xaqani Şirvani və Nizami Gəncəvi “Divan”larının daşbasma üsulu ilə çap edilmiş nüsxələri, İmadəddin Nəsiminin qəzəllərinə bəstələnmiş not vərəqləri, Məhəmməd Füzulinin əsərlərinə çəkilmiş illüstrasiyalar, XIX-XX əsrlərdə yaşayıb-yaratmış şair və yazıçılarımızın şəxsi əşyaları və s. qiymətli eksponatlarla virtual olaraq tanış olmaq mümkündür. Arzu edənlər muzeyin saytı (https://nizamimuseum.az/)  və sosial şəbəkələrdə rəsmi səhifələrini izləyə bilərlər.