Regional mədəniyyət idarələri üzrə Respublika müsabiqəsi

Mədəniyyət Nazirliyi ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilmiş sosial təcrid şəraitində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin, mədəniyyət işçilərinin, ayrı-ayrı yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, regional mədəniyyət idarələri tərəfindən irəli sürülmüş təşəbbüs və sosial layihələrin dəstəklənməsi və təbliği məqsədilə 2020-ci ilin aprel-may aylarında videoyazılar əsasında “Mədəniyyətimizi virtual məkanda tanıdaq” adlı Respublika müsabiqəsi keçirir.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

1. Virtual təqdimat. Bu nominasiya üzrə təqdim edilən videomaterialda mədəniyyət müəssisəsinin fəaliyyəti maraqlı və məzmunlu şəkildə öz əksini tapmalıdır. Mədəniyyət müəssisəsinin təqdimatı 1 videoyazı və ya silsilə videoroliklər şəklində ola bilər.  

2. Mədəniyyət məsafədən. Bu nominasiya üzrə təqdim edilən videomaterialda mədəniyyət müəssisəsində təklif olunan online xidmətlərin növləri (onlayn ekskursiya, sərgi, konsert, tamaşa, kitabxana xidməti və s.), bu xidmətlərin təşkili nümayiş etdirilməlidir.

3. Mədəni iz. Bu nominasiya üzrə təqdim edilən videoroliklər milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunması və təbliğinə, təşəbbüs və layihələrə (evdə yaradıcılıq, ahıl mədəniyyət işçilərinə yardım, sosial dəstəyə ehtiyacı olanlara kömək və s.) yönəlik fəaliyyətləri əks etdirməlidir.

4. Ən yaxşı distant dərs. Bu nominasiya üzrə uşaq musiqi, incəsənət və ya rəssamlıq məktəbi müəlliminin şagirdlə internet vasitəsilə keçdiyi distant (məsafədən) dərsin videoyazısı təqdim edilməlidir. Dərsin mövzusu müvafiq sinif üzrə tədris proqramına uyğun olmalı, dərs keyfiyyətli aparılmalıdır. Distant dərs həm fərdi, həm də qrup şəklində aparıla bilər.

 

Müsabiqədə iştirak şərtləri:

1. Müsabiqədə iştirak üçün videomateriallar regional mədəniyyət idarəsi, mədəniyyət müəssisəsi və ayrı-ayrı şəxslər tərəfindən təqdim edilə bilər.

2. Müsabiqəyə yalnız karantin dövründə hazırlanmış videomateriallar təqdim edilə bilər.

3. Hər nominasiya üzrə təqdim olunan videomaterialların sayı 3-dən artıq olmamalıdır. Əgər hər hansı bir mövzu üzrə silsilə çəkiliş aparılmışdırsa və hazırlanmış material bir neçə videorolikdən ibarətdirsə, bu, 1 videomaterial kimi qəbul ediləcək.

4. Təqdim olunan videomateriallar texniki cəhətdən keyfiyyətli, məzmunca maraqlı olmalıdır.

5. Hər videorolikin müddəti 5 dəqiqədən çox olmamalıdır.

6. Distant dərslər üzrə videoyazıların müddəti 10-15 dəqiqə olmalıdır.

7. Videoyazılar 2020-ci il 15 may tarixinədək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin elektron poçt ünvanına (regionsector@gmail.com) göndərilməlidir.

8. Təqdim olunmuş videomateriallar müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Müsabiqə qalibləri üçün hər nominasiya üzrə aşağıdakı mükafatlar təsis edilmişdir:

Birinci yer – I dərəcəli diplom və müvafiq hədiyyə.

İkinci yer – II dərəcəli diplom və müvafiq hədiyyə.

Üçüncü yer – III dərəcəli diplom və müvafiq hədiyyə.

2 həvəsləndirici mükafat – xüsusi diplom və müvafiq hədiyyə.