Ölkəmizin İtaliyadakı səfirliyi öz sosial şəbəkə profillərində “Milli muzeylərimizə virtual səyahət” rubrikası yaradaraq İtaliya ictimaiyyətinə Azərbaycan muzeylərini onlayn ziyarət etmək, nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlarla tanış olmaq imkanı yaradıb.

Mövzu İtaliyanın məşhur “La Stampa” qəzetinin də marağına səbəb olub. Qəzetin “Səyahətlər və mətbəx” (Viaggi e Cucina) bölməsində jurnalist Noemi Pennanın müəllifi olduğu “Bir xalça muzeyi hansı formada ola bilər? Bakının müvafiq cavabı belədir” başlıqlı yazısında Azərbaycan Milli Xalça Muzeyindən bəhs edilib.

“Bükülmüş xalça. Budur, yalnız Azərbaycan Milli Xalça Muzeyinə məxsus ola biləcək orijinal forma. Biz Bakıda, Azərbaycandayıq və müzakirə mövzusu bütünlüklə xalçaçılıq mədəniyyətinə və sənətinə həsr olunmuş unikal bir muzeydir”, – deyən müəllif muzeyin tarixi, 2014-cü ildə Dənizkənarı Milli Parkda avstriyalı memar Frans Yantsın layihəsi əsasında tikilmiş yeni binası haqqında bəhs edir.

Məqalədə binanın interyeri haqqında məlumat verilir, binaya girərkən sanki ziyarətçilərin özlərini asılmış bir tunelin içərisində hiss etdiyini, muzeydə Azərbaycanın dünyada ən böyük xalça kolleksiyaları, habelə tikiş və zərgərlik əşyaları daxil olmaqla sənətkarlıq nümunələri ilə tanış olmaq imkanlarının olduğu bildirilir.

Qeyd edilir ki, koronavirusla bağlı karantin səbəbindən Azərbaycan Milli Xalça Muzeyi ziyarətçilərə bağlı olsa da, muzeyin kolleksiyasını onlayn formada ziyarət etmək olar. “Virtual tur üç mərtəbə arasında sərbəst hərəkət etmək, sənət əsərlərindən zövq almaq və bizim diqqətimizi daha çox cəlb edən hekayələr üzərində dayanmaq imkanı verir”, – deyə məqalədə qeyd olunur.