Azərbaycanda dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunması məqsədilə bir sıra qanunlara dəyişikliklər ediləcək. Bununla bağlı müvafiq qanun layihələri aprelin 21-də Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclasında müzakirə edilib.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva nəzərə çatdırıb ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi zərurəti (ikinci oxunuş) Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi ilə bağlıdır. Bununla bağlı adıçəkilən 5 qanunun 8 maddəsinə müvafiq dəyişiklik təklif olunur. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televiziya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydalarının pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaqdır.

Qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.