Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan general-leytenant Əliağa Şıxlinskinin (1865-1943) 155 illiyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Əliağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazıb. Əlli ildən çox nizami orduda xidmət edən Ə.Şıxlinski həmçinin üç müharibənin iştirakçısı olub: 1900-1901-ci illərdə Çin hərbi yürüşü, 1904-1905-ci illərdə Port-Artur savaşı və I Dünya müharibəsi (1914-1918).

O, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) milli qoşun hissələrinin təşkilində, ordu quruculuğunda müstəsna fəaliyyət göstərib. Sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq bu sahədə bilik və bacarığını əsirgəməyib. Böyük Vətən müharibəsi başlananda da general fəaliyyətini dayandırmamışdı, “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırmışdı. Bu, Azərbaycan hərb tarixində ilk hərbi memuardır.

Ə.Şıxlinskinin 155 illiyi ilə əlaqədar təqdim olunan virtual sərgidə (http://anl.az/el/vsb/Eliaga_Shixlinski/index.html) generalın həyat və fəaliyyətini əks etdirən fotolar, kitab, məqalə və digər sənədlərin elektron versiyaları təqdim olunur. Virtual sərgidəki elektron resurslar tam mətni ilə verilib.