Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin davam etdiyi bu  günlərdə bölgələrdəki mədəniyyət müəssisələri də fəaliyyətlərini şəraitə uyğun qururlar.

Lənkəran Regional Mədəniyyət İdarəsində tabe müəssisələrin rəhbərləri ilə videkonfrans formatında növbəti müşavirə keçirilib. Müşavirədə xüsusi karantin dövründə mədəniyyət müəssisələri tərəfindən görülən işlər haqqında məlumat dinlənilib.

Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş virtual müsabiqələrdə fəal iştirak, onlayn konsertlərin və tədbirlərin təşkili, sosial şəbəkələrdə fəallığın artırılması, dezinfeksiya tədbirlərinin mütəmadi aparılması, 65 və yuxarı yaşda olan keçmiş mədəniyyət işçiləri ilə əlaqə saxlanılaraq onlara qayğı göstərilməsi, əmlakla bağlı müəssisələrin balansa alınması üçün lazımi tədbirlərin görülməsi və digər məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

***

Kürdəmir Regional Mədəniyyət İdarəsində keçirilən videokonfransda idarənin rəisi Elman Məmmədov qarşıya qoyulan vəzifələrdən danışıb, xüsusi karantin rejimi günlərində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılması, insanların asudə vaxtının səmərəli təşkil olunması məqsədilə virtual konsertlərin zəruriliyini vurğulayıb. Bildirilib ki, kitabxanalar tərəfindən virtual müsabiqələrin keçirilməsi və elektron xidmətlərin daha da genişləndirilməsi günün tələbidir. 

İdarə rəisi sonda klub tipli müəssisələrin onlayn konsertinin, dərnək üzvlərinin virtual sərgilərinin təşkilinin və digər məsələlərin həll edilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

***

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Kətəlparaq kənd Uşaq musiqi məktəbinin əməkdaşları rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları ilə birlikdə şəhər ərazisində yaşayan, yaşı 65-dən yuxarı olan sakinləri, habelə  sosial diqqətə ehtiyacı olan aztəminatlı ailələri ziyarət ediblər. Ziyarət olunan ailələrə tibbi ləvazimat və ərzaq sovqatları təqdim edilib, karantin dövrünün şərtləri və əhəmiyyəti barədə maarifləndirici məlumat verilib.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ucar rayon Mədəniyyət Mərkəzinin əməkdaşları yaşı 65 və daha yuxarı, xüsusi qayğıya ehtiyacı olan rayon sakinləri – I qrup əlil Səkinə Xəlilovanı, Sahib Cavadovu və Zivər Səmədovanı evlərində ziyarət ediblər. Görüş zamanı onlara zəruri ərzaq məhsulları və tibbi ləvazimatlar verilib.

***

Koronavirus infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya və karantin günlərində regional mədəniyyət idarələri tərəfindən müxtəlif layihə və aksiyalar keçirilir.

Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin könüllüləri Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “Evdə qal, evdə yarat” aksiyasına qoşularaq, özlərinin ev şəraitində gigiyenik şərtlərlə hazırladıqları tibbi maskaları şəhər sakinlərinə paylayıblar.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzində “Gənc Heydərçilər”lə ulu öndərin dövlətçilik irsinin təbliği ilə bağlı onlayn tarix dərsi keçirilib.

“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda təşkil olunan və ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr edilən dərs N.Tusi adına məktəb-liseyin 8-9-cu sinif şagirdlərinin iştiraklı ilə reallaşıb. Virtual dərsi Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova aparıb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzi ümummilli liderin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar onlayn rəsm müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək istəyənlər ən azı 2 əsərinin fotosunu 1 may 2020-ci il tarixinədək Siyəzən rayon Heydər Əliyev Mərkəzinin “Facebook” səhifəsinin mesaj bölməsinə və ya siyazanh.aliyev@mail.ru e-mail ünvanına göndərməlidirlər. Müsabiqənin nəticəsi mərkəzin “Facebook” səhifəsində onlayn səsvermə əsasında müəyyən olunacaq. Qalib iştirakçılar (1, 2, 3-cü yerlər) karantin müddəti bitdikdən sonra mərkəz tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.

***

Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı, musiqi müsabiqələrinin iştirakçısı, müğənni Miriş Hüseynov Masallı rayon Mədəniyyət Mərkəzindən onlayn konsert proqramı təqdim edib. Konsertdə ifaçı yerli və əcnəbi bəstəkarların repertuarından ruhoxşayan musiqi nömrələri səsləndirib.

Konsert sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb, izləyicilər tərəfindən maraqla qarşılanıb.

Nurəddin MƏMMƏDLİ