Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində mühüm xidmətləri olan Nəriman Nərimanovun anadan olmasının 150 illik yubileyi münasibətilə “Görkəmli ictimai-siyasi xadim, yazıçı və həkim” başlığı altında videoçarx və virtual sərgi hazırlayıb.

Videoçarxda Nərimanovun uşaqlıq, gənclik və təhsil illəri, ədəbi-publisistik yaradıcılığı və ictimai-siyasi fəaliyyəti, xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, rəsmi sənədlər və fotoqalereya əksini tapıb.

Virtual sərgidə isə Nərimanovun əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərləri və haqqında yazılan kitablar –  Azərbaycan, türk və rus dillərində 40 nəşr təqdim edilir. Tövsiyə olunan hər bir kitabın şəkli, kitab haqqında məlumat, əsərin qısa məzmunu və həmin kitabın yerləşdiyi elektron linklər qeyd olunub.

Videoçarx və virtual sərgi Respublika Gənclər Kitabxanasının “İnstagram” və “Facebook” səhifələrində istifadəçi auditoriyasına təqdim olunub.