Feyzavər Alpsar Turan İstanbulda vəfat edib

Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, həkim, rəssam, türkoloq, mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı, tanınmış rəssam Feyzavər Alpsar Turan 2020-ci il aprelin 25-də, ömrünün 101-ci ilində vəfat edib.

Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə İstanbulda anadan olub. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda milli məfkurənin bayraqdarlarından olmuş Əli bəy Hüseynzadə həm də peşəkar rəssam olduğundan Feyzavər xanımda kiçik yaşlarından təsviri sənətə maraq yaranıb. O, İstanbulda Memar Sinan adına Gözəl Sənətlər Universitetini bitirib. Dəfələrlə Türkiyədə sərgiləri keçirilib. 2015-ci ilin aprelində İstanbul Aydın Universitetində və həmin ilin dekabrında İstanbulun Əl Sənətləri Qalereyasında keçirilən sərgiləri böyük maraqla qarşılanıb.

Feyzavər Alpsar Turan Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına da töhfələr verib. 2017-ci ildə onun təşəbbüsü ilə Əli bəy Hüseynzadənin irsinə aid 161 ədəd eksponat ölkəmizə hədiyyə olunub. Bu nümunələr Əli bəyin təsviri sənət əsərləri, fotoşəkil, şəxsi əşya, orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzetindən ibarətdir. 2017-ci il iyunun 9-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzində həmin eksponatların sərgi-təqdimatı keçirilib. Hazırda bu əsərlər İstiqlal Muzeyində qorunub saxlanılır.

Feyzavər xanımın Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 17 mart 2018-ci il tarixli sərəncamı ilə Feyzavər Alpsar Turan “Dostluq” ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamı ilə Feyzavər xanım ideoloji əsaslarının hazırlanmasında atası Əli bəy Hüseynzadənin də mühüm rol oynadığı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş xatirə medalı ilə mükafatlandırılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış fırça ustası Feyzavər Alpsar Turanın vəfatı ilə əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

***

Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan vəsiyyətinə uyğun olaraq İstanbulun “Zəncirliquyu” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Dəfndə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev iştirak edib.