Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Evi fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Evi şəhərin Estoniya prospekti 15 ünvanında, tarixi memarlıq abidəsi olan binada yerləşir.

Burada müxtəlif tədbirlərin – musiqi və poeziya axşamlarının, sərgilərin təşkili üçün şərait var. Azərbaycan Evinin fəaliyyət istiqamətlərinə dil kurslarının təşkili də daxildir. Burada yaradılacaq kitabxanada qonaqlar Azərbaycan ədəbiyyatının nümunələri ilə tanış ola biləcəklər.

Azərbaycan Evi ölkəmizin tanıdılması istiqamətində görülən işləri intensivləşdirmək, Estoniyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, bu ölkədəki digər mədəniyyət mərkəzləri ilə sıx əlaqələr qurmaq üçün yeni imkanlar yaradır.