Ölkəmiz UNESCO-nun daha bir konvensiyasına qoşulur

Aprelin 30-da Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib. İclası aparan komitə sədri Qənirə Paşayeva bildirib ki, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edilir.

Qeyd edilib ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunub. Konvensiya 3 dekabr 1958-ci il tarixdə Paris şəhərində UNESCO tərəfindən qəbul edilib,  23 noyabr 1961-ci ildə qüvvəyə minib və artıq 47 dövlət tərəfindən ratifikasiya edilib.

Sənəd konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsini ehtiva edir. Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər (kitablar, qəzetlər, dövri nəşrlər, xəritələr və planlar, reproduksiyalar, fotoşəkillər, musiqi əsərləri, brayl nəşrləri və s.) nəzərdə tutulur. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.

Onlayn iclasda komitə üzvləri – deputatlar Fazil Mustafa, Aqil Abbas, Ülviyyə  Ağayeva, Novruzəli Aslanov, Nizami  Cəfərov, Əziz  Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə  Həmzəyeva, Sabir  Rüstəmxanlı və  Mixail  Zabelin çıxış ediblər. Ölkəmizin də qoşulduğu konvensiyanın nəşrlərin sərbəst yayılmasına şərait yaradılması baxımından əhəmiyyəti vurğulanıb.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına  tövsiyə  edilməsi  qərara  alınıb.