Dünyada davam edən pandemiya səbəbindən 2020-ci il mövsümü hələ başlamayan  Formula 1 çempionatının ilk yarışı iyul-avqustda Avstriyada, daha sonra Macarıstanda keçirilə bilər. Layihənin Macarıstan üzrə nümayəndəsi Jolt Dyulainin sözlərinə görə, hazırda mərhələnin bu tarixlərdə təşkili üçün heç bir maneə yoxdur, lakin ehtimal ki, yarışlar tamaşaçı olmadan keçiriləcək.

O deyib: “Biz Formula 1 rəhbərliyi ilə hər gün əlaqə saxlayırıq. Onlar bilirlər ki, biz hər variant üçün açığıq. Biz yürüşlərin təşkili üzərində işləyirik, lakin hansı şəraitdə keçiriləcəyi məsələsi artıq bizim səlahiyyətimiz xaricindədir. Hər şey Macarıstandakı vəziyyətdən asılıdır. Bəxtimiz onda gətirib ki, Avstriya ilə qonşuyuq. Onlar bizi 1-2 həftə qabaqlayır. Buna görə də biz onların təcrübəsindən öz işimizin planlaşdırılmasında istifadə edə bilərik”.

Yarışın keçirilməsinə hazırlıq üçün karantin tədbirlərinin yüngülləşdirilməsini gözləmək lazımdır. “Biz yürüşü hətta tamaşaçılarsız keçirməyə hazırıq, lakin hər şey hökumətin tələblərindən asılıdır. Əgər biz yürüşləri boş tribunalarda təşkil etsək, o halda bu, promouterlər üçün böyük maliyyə itkisi deməkdir. Koronavirusla bağlı vəziyyət pisləşməyə başlayanda biz biletlərin satışını dayandırdıq. Hazırda trasda işlər praktik olaraq aparılmır, lakin biz avtodromu daim işlək vəziyyətdə saxlayırıq. Bu, Qran-prinin avqustun əvvəllərində keçirilməsinə mane olmayacaq”, – deyə J.Dyulai bildirib.

Xatırladaq ki, məlum səbəblər üzündən Formula 1-in apreldə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-prisi də təxirə salınıb. Bəzi məlumatlara görə, Bakıda yarış sentyabrda təşkil oluna bilər.