Azərbaycanda COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi aprelin 27-dən qismən yumşaldılsa da, ölkənin sərhədləri may ayında da bağlı qalacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, pandemiyaya qarşı həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVİD-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə, yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb.

Xatırladaq ki, ölkəmizin ilk olaraq İran İslam Respublikası ilə sərhədi bağlanmış (29 fevral), daha sonra isə digər qonşu ölkələrlə sərhəddə giriş-çıxış, həmçinin sərnişin təyyarə reysləri dayandırılmışdı. Ölkəmizdə sosial təcrid tədbirləri martın 14-dən, xüsusi karantin rejimi martın 31-dən elan olunub. Aprelin 20-dən xüsusi karantin rejimi mayın 4-dək uzadılıb.