Qazaxıstanın Türkistan vilayəti Azərbaycanın “Xüsusi karantin rejimində icazələrin alınması və monitorinqi sistemi” təcrübəsi əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb.

Yeni sistem vətəndaşlara ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, təxirəsalınmaz tibbi zərurət, eyni zamanda evlərini tərk edərkən və ya işə gedərkən onlayn qaydada icazə almağa kömək edəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkəmizdə tətbiq olunan müvafiq sistem barədə Astana Dövlət Xidmətləri Mərkəzinin 42 ölkənin iştirak etdiyi onlayn platformasında məlumat paylaşılıb. Müvafiq platformada Azərbaycan təcrübəsindən başqa Yunanıstan və Birləşmiş Ərəb Əmirliklərində karantin rejimində tətbiq olunan onlayn sistemlər barədə də məlumat verilib. Qazaxıstanın Türkistan vilayəti isə məhz Azərbaycanın təcrübəsi əsasında müvafiq sistemi ərsəyə gətirib.