Dünya Səhiyyə Təşkilatının yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı martın 11-də elan etdiyi pandemiyanın 50 günü arxada qaldı. Bu müddətdə dünya ümumilikdə İkinci Cahan savaşından sonra tarixinin ən dərin böhranı ilə üz-üzə qalıb.

Hazırda dünya dövlətləri tərəfindən koronavirus infeksiyası ilə mübarizə tədbirləri davam edir. Bu xəstəliyin dünya miqyasında yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan Dünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq quraraq təşkilatın müvafiq tövsiyələri əsasında bütün zəruri tədbirləri görür. Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah bu istiqamətdə dövlət qurumlarının fəaliyyətini əlaqələndirərək, görülən işlərlə bağlı ictimaiyyəti operativ şəkildə məlumatlandırır.

Ötən müddətdə müvafiq qurumların gərgin fəaliyyəti, ələlxüsus səhiyyə sistemində çalışan insanların fədakarlığı sayəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyət vaxtında nəzarətə götürüldü. Ölkəmizdə koronavirus infeksiyasına yoluxma faktının qeydə alındığı 28 fevraldan bu yana yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143 mindən çox test aparılıb. Bu müddətdə koronavirusa yoluxması müəyyən edilən insanların üçdə ikisindən çoxu (1300 nəfərdən çox) sağalıb və bu özlüyündə mühüm bir göstəricidir.

Koronavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri çərçivəsində bir sıra sahələrdə iş, o cümlədən mədəniyyət müəssisələrinin də fəaliyyəti ayyarıma yaxındır dayandırılıb.

Bununla belə müasir informasiya texnologiyaları, onlayn vasitələr mədəniyyət müəssisələrinin işini, eləcə də mədəni təbliğatı kifayət qədər geniş miqyasda aparmağa imkan verir. Ötən müddətdə Mədəniyyət Nazirliyi tərəfindən mədəni irs və incəsənətin təbliği, sosial izolyasiya tədbirlərinə uyğun olaraq çoxsaylı  təşəbbüs və layihələr başlanıb və davam etdirilməkdədir.