COVİD-19 pandemiyasının dünya üzrə ən çox mənfi təsir etdiyi sahə olaraq turizm yeni formalaşma dövrünə daxil olub. Mövcud vəziyyətdə dünya turizmindəki yeni çağırışlar gigiyena və sanitariya qaydalarına xüsusi diqqət verilməsini və yeni standartların tətbiq olunmasını zəruri edir.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edərək bizneslərin rəqabət qabiliyyətinin artırılması məqsədilə xüsusi proqram hazırlanıb.

Sanitariya və Gigiyena Metodları və Normaları Proqramının (SAHMAN – Safety and hygiene methods and norms) əsas məqsədi də ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır. SAHMAN həm də gələcəkdə baş verə biləcək hər hansı bu növ xəstəliklərlə mübarizədə uğurlu təcrübə formalaşdırmaq üçün hazırlanıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev proqramın BMT-nin Dünya Turizm Təşkilatı tərəfindən dəstəkləndiyini bildirib. O qeyd edib ki, proqramın icrasına nəzarət üçün yerli və xarici mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinqlər aparılacaq.

Yerli sənaye nümayəndələri könüllü olaraq SAHMAN proqramına qoşulmaqla müvafiq dövlət orqanları tərəfindən müəyyən edilmiş mövcud standartlara əlavə olaraq bu proqramın da tələblərinə riayət etmək öhdəliyini qəbul edəcəklər. 

İlkin mərhələdə proqramın yerləşdirmə (mehmanxana və mehmanxana tipli müəssisələr), ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiqi nəzərdə tutulub.

Dövlət Turizm Agentliyi tərəfindən SAHMAN proqramına qoşulan sənaye nümayəndələrinə təlimlərin keçirilməsi, zəruri ləvazimatlarla təminat, marketinq və brendinq kimi istiqamətlərdə dəstək veriləcək, proqram çərçivəsində tələb olunan əlavə sanitariya və gigiyena tədbirlərinə yönəldilən xərclərin bir hissəsi ehtiyaca uyğun olaraq qarşılanacaq.

SAHMAN proqramı onlayn qeydiyyat, onlayn və yerində keçiriləcək təlimlərdə iştirak və sertifikatlaşdırma, müvafiq nişanlanma ilə təmin edilmə, monitorinq və yoxlama kimi dörd əsas mərhələ üzrə həyata keçiriləcək. Daha ətraflı məlumat yaxın günlərdə təqdim ediləcək www.sahman.az saytında yerləşdiriləcək.