Dünyada davam edən pandemiya dövlətlərin davamlı inkişafının təmin olunmasında, cəmiyyətin rəqəmsal formada idarə olunmasında elm və təhsilin əhəmiyyətini ön plana çəkib. Ölkəmizdə təhsil, əlavə təhsil və ixtisasartırmanın inkişafı dövlət siyasətinin prioritetlərindən biridir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) sahə üzrə ixtisasartırma, əməkdaşların təhsil səviyyəsinin yüksəldilməsi, müasir peşə səriştələrinin, kreativ bacarıqların formalaşması istiqamətində müxtəlif təyinatlı təlimlər həyata keçirir. Mövcud sosial təcrid şəraitində bütün təlimləri onlayn, elektron formatda davam etdirilir.

Aprel ayı ərzində şəhər (rayon) mədəniyyət müəssisələrində çalışan əməkdaşlar üçün “Sosial izolyasiya tədbirləri çərçivəsində kitabxanaların fəaliyyət istiqamətləri”, “Kitabxanalar tərəfindən oxuculara virtual oxu xidməti”, “Virtual ünsiyyət mədəniyyəti”, “Böhranlı vəziyyətdə muzeylərin fəaliyyət istiqamətləri”, “Kitabxana praktikasında innovativ kütləvi tədbirlər”, “Mədəniyyət müəssisələri subyektlərinin qeyri-maddi mədəni irs nümunələrindən istifadə qaydaları” və s. mövzulara həsr olunmuş təlim və videodərslər keçirilib.

Təlimlər öncədən tərtib edilmiş elektron cədvələ uyğun olaraq MEMİM-in rəsmi ”Facebook” səhifəsində və “Youtube” kanalında yayımlanıb. Virtual təlimlər ümumilikdə 7500-dən çox izləyici tərəfindən baxılıb, 2000-ə yaxın şərh bildirilib. Bu rəqəmlər virtual təlimlərə marağın göstəricisidir.

Mərhələli şəkildə şəhər və rayonların Mərkəzləşdirilmiş Kitabxana Sistemi əməkdaşları, mədəniyyət mərkəzləri və klub müəssisələri, həmçinin Heydər Əliyev mərkəzlərinin əməkdaşları üçün də onlayn təlimlərin keçirilməsi nəzərdə tutulub.