BXA-nın “Biz varıq və biz birlikdəyik” layihəsi davam edir

Xüsusi karantin rejimi günlərində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və biz birlikdəyik” layihəsi mühazirə, ustad dərsləri və digər təqdimatlarla davam edir.

BXA-nın Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə və Baletmeyster sənəti kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Lyudmila Həsənovanın ayrı-ayrılıqda təqdim etdikləri ustad dərs və mühazirədə klassik rəqsin bir çox incə məqamları açıqlanaraq əyani şəkildə nümayiş olunub.

Baş müəllim M.Almaszadənin ustad dərsi “Klassik rəqsdə 6 növ Port de Bras” mövzusu ətrafında qurulub. Nəzəri biliklərlə yanaşı BXA-nın Musiqi fənləri kafedrasının baş müəllimi, konsertmeyster Lalə Hüseynlinin müşayiəti ilə illüstrasiyalar verən M.Almaszadə gənc müəllim və tələbələrin rastlaşdığı mürəkkəb hərəkət və pozisiyaları nümayiş etdirib.

Professor L.Həsənovanın mühazirəsində isə balet və klassik rəqsin nəzəri və təcrübi bilik və vərdişlərin təkmilləşdirilməsi, eləcə də xüsusi karantin dövründə ev şəraitində klassik rəqslə düzgün məşğul olmaq və əməli nəticələr əldə etmək üçün müxtəlif fəndlərdən istifadə edilməsi qaydaları açıqlanıb.