Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq uşaqlar arasında hər il keçirilən “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunu onların dünyagörüşünün genişləndirilməsi, yeni biliklərin əldə edilməsinin stimullaşdırılması və asudə vaxtın səmərəli təşkili məqsədi daşıyır.

Komitədən bildirilib ki, bu il karantin dövrünün tələbləri nəzərə alınaraq onlayn formatda keçirilən oyunda 52 nəfər iştirak edib və onlardan 3 nəfər finala vəsiqə qazanıb.

Mayın 3-də komitənin rəsmi “Facebook” səhifəsində canlı yayım vasitəsilə keçirilən oyunun final mərhələsində iştirakçılar biliklərini nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən, suallara ən çox düzgün cavab verən Ağstafa rayon, Dağkəsəmənli kənd 2 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Nərmin Paşayeva qalib elan olunaraq “Qələbəyə doğru” kubokunu qazanıb.

Kubok, eləcə də finalçılar üçün nəzərdə tutulmuş diplom və hədiyyələr ölkədə elan edilən karantin rejiminin qaydalarına uyğun olaraq sahiblərinə çatdırılacaq.