Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY müxtəlif ölkələrlə birlikdə həyata keçirdiyi layihələri kitab halında nəşr etdirir. Bu günlərdə qurumun bu qəbildən 5-ci kitabı çapdan çıxıb.

“TÜRKSOY-Balkanlar” kitabında təşkilatın 2014-2020-ci illər arasında Balkan coğrafiyasında düzənlədiyi fəaliyyətlərə xronoloji şəkildə yer verilib. Kitab TÜRKSOY-un Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Monteneqro, Kosovo, Şimali Makedoniya, Macarıstan, Rumıniya və Serbiyada düzənlədiyi tədbirlər əksini tapıb. Nəşrin redaktoru Bilal Çakıcı, çapa hazırlayanı Fatih Əlidir.

Bundan əvvəl təşkilat tərəfindən “TÜRKSOY-Azərbaycan”, “TÜRKSOY-Qazaxıstan”, “TÜRKSOY-Qırğızıstan” və “TÜRKSOY-Şimali Kipr” kitabları çap olunub.

Türk və ingilis dillərində nəşr edilən “TÜRKSOY-Balkanlar” rəsmi görüşləri, elmi toplantıları, bədii fəaliyyətləri və s. əhatə etməklə təşkilatın fəaliyyətindən bəhs edən, eyni zamanda Balkan coğrafiyasının sahib olduğu mədəni zənginliyi diqqətə çatdıran mühüm mənbədir.

Mehparə SULTANOVA
Ankara