“Cərimələrin tətbiq edilməsi vacibdir”

Mayın 6-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və s. qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələr aparılıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc diqqətə çatdırıb ki, sözügedən dəyişikliklər zərurəti Azərbaycanda dövlət dilinin tətbiqinə və dil normalarına riayət olunmasına nəzarətin gücləndirilməsi  vacibliyindən irəli gəlir. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televiziya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydaların pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaqdır. Bununla bağlı müvafiq qanunlara edilən dəyişikliklərdən irəli gələn məsuliyyət İnzibati Xətalar Məcəlləsində nəzərə alınacaq.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı Azərbaycan dilinin hüquqi statusunun qorunması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Təklif edilən dəyişikliklər bu fərmanın icrası ilə əlaqədardır və dövlət dilinin saflığının qorunmasına xidmət edəcək. 

Dəyişikliklər birinci və ikinci oxunuşda Milli Məclisin iclasında  müzakirə olunub, irad və təkliflər səslənib. Üçüncü oxunuş öncəsi ictimai müzakirələr zamanı deputatlar bir daha fikirlərini açıqlayıblar.

İclasda həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutundan dəvət edilən mütəxəssislər və reklam şirkətlərinin nümayəndələri deputatların səsləndirdikləri fikirlərə münasibət bildiriblər, reklam lövhələrində və videoçarxlarda Azərbaycan dili normalarının pozulması hallarının yolverilməz olduğunu vurğulayıblar.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sevinc Əliyeva diqqətə çatdırıb ki, institut 2011-ci ildən kütləvi informasiya vasitələrində, reklam daşıyıcılarında radio və televiziya aparıcılarının nitqinin monitorinqini aparır. Bu müddətdə minlərlə qüsur barədə açıqlamalar verilib. Reklam daşıyıcılarında başqa dillərdən tərcümə olunmuş reklam mətnlərində sintaktik, leksik norma pozulur. Ona görə də KİV-də, reklam daşıyıcılarında dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi vacibdir. Çünki bəzi qurumların rəhbərləri verilən tövsiyə və təklifləri ciddi qəbul etmir.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu isə yeni orfoqrafiya lüğətinin çapının ləngiməsinə aydınlıq gətirib. Bildirib ki, hazırda bu kitab nəşriyyatdadır və gecikmə pandemiya vəziyyəti və tətbiq olunan karantinlə bağlıdır.