İsveçdə Azərbaycanın mədəni irsini təbliğ edəcək daha bir təşkilat fəaliyyətə başlayıb. Onge əyalətində yaşayan azərbaycanlı rəssam Kəmalə Kərimova-Yansson Azərbaycan-İsveç milli geyim və folklor cəmiyyəti yaradıb.

K.Kərimova-Yanssonun sözlərinə görə, təşkilatın əsas məqsədi Azərbaycanın və İsveçin milli irsinin, zəngin mədəniyyətinin, adət-ənənəsinin, dastan və nağıllarının, milli musiqi-rəqs, mətbəx və el oyunları, habelə geyim və məişət alətlərinin, el sənətkarlığının müxtəlif sahələrinin öyrənilməsi, yaşadılması və tanıdılmasından ibarətdir. Bu istiqamətdə digər türkdilli xalqların mədəniyyəti də diqqətdə saxlanılacaq, həmçinin müxtəlif etnik-milli mədəni irs nümunələri ilə əlaqədar layihələr nəzərdə tutulur.

“Gələcək layihələrdə insanlar yaşından, milli-dini mənsubiyyətindən asılı olmayaraq özünü, milli mədəniyyətini, ideya-arzularını sərbəst yaradıcılıq vasitəsilə ifadə edə biləcəklər. Bu təşkilatın bir mədəni birlik rəmzini daşıyan ocaq olması üçün çalışıram”, - deyə K.Kərimova-Yansson bildirib.