Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Türk Tarix Qurumunun (Türkiyə)  birgə layihəsi olan “Avrasiya türkoloqları” biblioqrafik lüğətinin II cildi çapdan çıxıb.

Türk və rus dillərində hazırlanan kitab oxuculara Qazaxıstan və Qırğızıstan türkoloqları haqqında müfəssəl məlumat verir. Nəşrin 1-ci cildi (iki kitab) Rusiya türkoloqlarına həsr olunmuşdu.

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun baş məsləhətçiliyi ilə hazırlanaraq Ankarada nəşr olunan kitabın redaktoru görkəmli rusiyalı türkoloq, professor S.Klyaştornıdır. Nəşr professorlar A.Kolesnikov (Rusiya), İ.Kamaloğlu (Türkiyə), D.Mahat (Qazaxıstan) və doktor A.Pılev (Rusiya) tərəfindən çapa hazırlanıb.

Çoxcildliyin mühüm cəhətlərindən biri də nəşrdə türkologiya sahəsində çalışan gənc alimlərə yer verilməsidir.

Qeyd edək ki, layihəyə 2011-ci ildə başlanılıb.

Mehparə SULTANOVA
Ankara