Bu il fransızlar yay tətilini ölkə daxilində keçirəcəklər. Bu barədə turizm üzrə dövlət katibi Jan-Batist Lömuan deyib. O qeyd edib ki, turizm hələlik yerli çərçivədə yenidən bərpa olunacaq.

Ölkə mayın 11-də təcrid rejimindən çıxmağa başlayacaq, mayın sonuna doğru virusun yayılma vəziyyətindən, eləcə də sanitar vəziyyətdən asılı olaraq yay tətili ilə bağlı düşünmək olar.

“Əgər təsadüfən təcrid olma rejimindən bir müddət sonra vəziyyət gözlənildiyi kimi deyil, əksinə, pis olarsa, bu bizim üçün çətin olacaq. Ölkə əhalisinin sağlamlığı ilə oynamaq olmaz”, – deyə o vurğulayıb.

Turizm üzrə dövlət katibinin sözlərinə görə, bu il yay tətili həmişəkindən fərqli olacaq: “Şengen sərhədləri, eləcə də Avropanın sərhədləri hələ bir müddət bağlı qalacaq. Fransızlar ölkələrinin ərazilərini, mədəni və tarixi irsini ziyarət etməli olacaqlar. Ölkədəki çimərliklər isə iyunun 2-dən sonra istifadəyə verilə bilər.

***

Misirdə gələn həftədən etibarən kurort bölgələrindəki hotellər fəaliyyətini bərpa edəcək, lakin sözügedən obyektlərdən yalnız daxili turistlər faydalana biləcək.

Bununla bağlı məlumatda bildirilir ki, turizm sektorunu bərpa etmək üçün hökumət tətbiq olunan məhdudiyyətləri tədricən qaldırmağa başlayacaq. Mayın 15-dən etibarən Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, müvafiq qaydalara əməl edilməklə yerli turistlər üçün ölkə daxilində hotellər işə başlayacaq. Turizm Nazirliyinin qərarına əsasən, ilk mərhələdə hotellərdəki otaqların 25%-i turistlərin ixtiyarına veriləcək. İyun ayının əvvəlində isə bu rəqəm 50%-ə qədər artırılacaq.

Türkiyədə turizm mövsümünün iyun ayında başlayacağı  gözlənilir. Öncə daxili turizmə icazə veriləcək, eyni zamanda rəsmilər iyunun ortalarından xaricdən də turist qəbul etməyə hazırlaşdıqlarını bildiriblər. Türkiyədən xaricə turist səfərləri isə ayrı-ayrı ölkələrdəki vəziyyətdən asılı olacaq.

SƏBİNƏ