Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, Şuşa şəhəri Azərbaycanın ən önəmli mədəniyyət mərkəzlərindən biri, Azərbaycanın və bütövlükdə türk dünyasının böyük sənətkarlarının, yazıçılarının, şairlərinin, bəstəkarlarının, xanəndələrinin, incəsənət xadimlərinin vətəni olub.

“Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşanın işğalı ilə Azərbaycanın və ümumilikdə türk dünyasının maddi-mənəvi irsinə ağır zərbə vurulub.

Bəyanatda qeyd olunur ki, qədim Şuşa şəhərində yüzlərlə tarixi-mədəniyyət abidələri vardı. Lakin, əfsuslar olsun ki, işğal nəticəsində onların əksəriyyəti dağıdılıb və talan edilib, məbədgah və məscidlər vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Onların arasında Qarabağ xanı, Şuşa şəhərinin banisi Pənahəli xanın sarayı və kitabxanası, XVIII əsrdə inşa edilmiş Aşağı Gövhər ağa məscidi, Qarabağ xanı Mehdiqulu xanın qızı, görkəmli şairə və xeyriyyəçi Xurşudbanu Natəvanın evi, türk dünyasının  böyük şairi Molla Pənah Vaqifin məqbərəsi, dahi bəstəkar Üzeyir Hacıbəylinin və görkəmli sənətkar Bülbülün ev-muzeyləri yer alır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni abidələrin məhv edilməsini qətiyyətlə pisləyir, dünya ictimaiyyətinin bu fakta göz yummamağa, türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Şuşanın işğalına etiraz səsini ucaltmağa səsləyir.