Azərbaycanın və Gürcüstanın turizm üzrə ixtisaslaşmış qurumları arasında “COVİD-19-dan sonra turizmin inkişafı” mövzusunda onlayn müzakirələr təşkil olunub.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Gürcüstan Milli Turizm Administrasiyası rəhbərinin birinci müavini Rusudan Mamataşvili və müvafiq qurumların əməkdaşlarının iştirakı ilə keçirilən müzakirələrdə turizmin postpandemiya dövründə inkişafı, yeni çağırışlar və mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Florian Zenqstşmid turizm sənayesinə kömək məqsədilə hökumət tərəfindən hazırlanan dəstək paketi, karantindən sonrakı dövrdə ilkin olaraq təşviq ediləcək “Macəra yaxındadır” adlı daxili turizm kampaniyası haqqında məlumat verib, indiyədək yalnız xarici auditoriya üçün nəzərdə tutulan azerbaijan.travel  saytının daxili turizmdə də istifadə olunması üçün Azərbaycan dilində versiyasının hazırlandığını qeyd edib.

O, rəqəmsal platformalar vasitəsilə onlayn olaraq hədəf bazarlarda Azərbaycanın tanıdılmasının davam etdiyini bildirib, bu istiqamətdə görülmüş tədbirlərdən biri kimi Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, ölkənin zəngin mədəni irsi kimi mövzuların əhatə olunduğu  “elearning.tourismboard.az” portalında yerləşdirilən təlimlərdən bəhs edib. F.Zenqstşmid Azərbaycanda postkarantin dövründə ilkin mərhələdə mehmanxana və mehmanxana tipli müəssisələrdə, ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiq olunması nəzərdə tutulan SAHMAN – “Sanitariya və gigiyena metodları və normaları proqramı” barədə də danışıb.

Gürcüstanın Milli Turizm Administrasiyası rəhbərinin birinci müavini R.Mamataşvili turizm sənayesinin mərhələli şəkildə karantin rejimindən çıxmaq planları və dövlətin turizmə dəstək paketi barədə məlumat verib, Gürcüstanın daxili turizmə 15 iyundan etibarən start verəcəyini, xarici turistlər üçün sərhədlərin 1 iyuldan etibarən açılmasının planlaşdırıldığını deyib. O da ölkəsində postpandemiya dövrü üçün ilkin olaraq ölkədaxili turizmin əsas istiqamət olacağını vurğulayıb.

Sonra müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycan və Gürcüstanın birgə marketinq və təbliğat kampaniyası aparmasının məqsədəuyğunluğu, müştərək məhsullar hazırlanmasının turistlər üçün əlverişli seçim olması və bu istiqamətdə səylərin birləşdirilməsinin hər iki tərəf üçün daha faydalı ola bilməsi barəsində danışılıb.