Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Mədəniyyət İşçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsi (MİRHİK) ilə birgə təşkil etdiyi vebinar “Dəyişən dünyada peşə etikasının yeni prinsipləri” mövzusuna həsr olunub.

Vebinarda qeyd olunub ki, COVİD-19 infeksiyasının yayılması səbəbilə dünya ölkələrində sosial təcrid rejiminin tətbiqi, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də çalışan əməkdaşların yeni fəaliyyət formasına keçidini zəruri edib.

MİRHİK-nın sədri Cəmilə Səttarova mədəniyyət işçilərinə sosial təcrid dövründə fəaliyyətlərinə görə təşəkkürünü bildirib. C.Səttarova dünyada 40 mindən çox peşənin olduğunu və dövr dəyişdikcə bu peşələrin xarakterini təşkil edən bacarıqların da dəyişdiyini diqqətə çatdırıb.

Mövcud vəziyyətdə mədəniyyət sahəsində çalışan əməkdaşlardan yeni peşə səriştələrinin tələb olunduğunu qeyd edən MEMİM-in direktoru Asif Usubəliyev bu xüsusda fərdi məsuliyyət, texnoloji hazırlıq və kreativ yanaşmanın vacibliyini vurğulayıb.

Mərkəzin elmi katibi Cavid Əliyev qeyd edib ki, xüsusi karantin rejimində yumşalma və fəaliyyət sahələrinin tam açılması postpandemiya dövründə də klassik iş prinsiplərindən fərqli olaraq yeni yanaşmaların tətbiqini zəruri edir.

Vebinarda regionlar üzrə MİRHİK-nın metodiki mərkəzlərinin rəhbərləri, gənc mədəniyyət işçiləri iştirak edib. Müzakirələr zamanı mədəniyyət sahəsində çalışanların müasir peşə etikası adlı təlimat xarakterli vəsaitin hazırlanması, həmkarlar təşkilatlarının fəaliyyətinə dair təlimlərin və əməkdaşlarda müasir səriştələrin formalaşmasının təşviqi ilə bağlı birgə mühazirələrin keçirilməsi barədə razılıq da əldə olunub.