“Virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir”

Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, ölkədə sanitar-epidemioloji vəziyyət və Dünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il tarixinədək uzadılıb. Həmçinin yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixinədək davam edəcək.

Eyni zamanda 31 may tarixindən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. O cümlədən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla) bərpa olunub. Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət müddəti (saat 08:00-dan 22:00-dək) uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, ötən müddət ərzində COVİD-19 infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilib və vəziyyət nəzarət altına alınıb. Bununla belə, dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və infeksiyanın müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna dəvət etməlidir.

Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Xatırladaq ki, Nazirlər Kabineti 29 may 2020-ci il tarixində “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib.

Qərara əsasən, sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.), bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, habelə ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda fərdi qoruyucu vasitələrdən (tibbi maska, respirator və s.) istifadə edilməlidir.

Qərarın pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bununla bağlı müvafiq  qanun layihəsi artıq Milli Məclis tərəfindən qəbul olunub və sözügedən yerlərdə maskadan istifadə ilə qaydanın pozulmasına görə 50 manatdan başlayan cərimələr tətbiq ediləcək.