Nazirlər Kabineti iyunun 4-də “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar qəbul edib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir.

Bu müddətdə iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır. İstisna olaraq siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların, xəstəxanalar və təcili tibbi yardım müəssisələri,  kommunal xidmətlər, elektrik enerjisinin istehsalı və təchizatı, meliorasiya və su təsərrüfatı, rabitə xidmətləri, teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti, dəmiryolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yükdaşımaları, neft və qazın hasilatı, emalı, saxlanması və satışı kimi sahələrdə fəaliyyətə icazə veriləcək.

Bu Qərarda nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:

həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

yaxın qohumların dəfnində iştirakla əlaqədar.

Qeyd olunan müddətdə xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilir.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.