“Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir”

İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik.

Prezident İlham Əliyev bu sözləri iyunun 3-də Tərtər rayonunda səfərdə olarkən deyib.

Dövlət başçısı səfəri zamanı rayonda həyata keçirilən infrastruktur layihələri ilə tanış olub, bir sıra müəssisə və təsərrüfat obyektlərinin açılışında iştirak edib.

Həmin gün Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı olub. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verib. Bildirib ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

Prezident nümayiş olunan xəritələrdə Azərbaycanın qədim yer adlarının öz tarixi adları ilə əks olunmasının vacibliyini diqqətə çatdırıb: “Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın”. Dövlət başçısı vurğulayıb ki, indiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənilər müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.

Xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var. Bu sırada tarixi-mədəni dəyərləri və milli rəmzləri əks etdirən dövlət atributlarının bir arada ictimaiyyətə təqdim olunması mühüm yenilikdir. Belə muzeylərin yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısı bu ideyanı reallaşdırmaqla dövlət atributlarının tariximizdəki əhəmiyyətinə diqqət çəkib.

Bu baxımdan Tərtər rayonunda yaradılan Dövlət Rəmzləri Muzeyi də eksponatlarla zəngindir. Muzeydə Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları nümayiş etdirilir. Həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar sərgilənir. Muzeyin yerləşdiyi ərazidə hündürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub.

Prezident İlham Əliyev Azərbaycanın tarixinin öyrənilməsi, tarixi həqiqətlərin dünyaya, eləcə də ölkəmizdə geniş ictimaiyyətə, xüsusilə gənc nəslə düzgün çatdırılmasının vacibliyinə Tərtər Olimpiya İdman Kompleksinin açılışından sonra keçirilən görüşdə də toxunub.

Dövlət başçısı xatırladıb ki, ermənilərin bütün qonşulara – Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var: “Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər”.

Prezident daha sonra deyib: “Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?

Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan – qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir”.

***

Prezident İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında da iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, burada Azərbaycan xalçaları toxunacaq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Diqqətə çatdırılıb ki, bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun çalışması nəzərdə tutulub və hazırda 71 toxucu işlə təmin edilib. Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin olunacaq.

Qeyd edək ki, son illər Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sərəncamlar bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Həmin sərəncamlara uyğun olaraq, yaradılması nəzərdə tutulmuş 31 xalça müəssisəsindən 13-ü istifadəyə verilib, 8-i istifadəyə hazırdır. Daha 10 fabrikin tikintisi layihələndirilir. Bundan başqa, yunəyirici-boyaq fabrikinin, hazır xalçaların emalı mərkəzinin, yun və boyaq tədarükü məntəqələrinin yaradılması istiqamətində işlər görülür.

***

Prezident İlham Əliyev iyunun 3-də Ağcabədi rayonuna da səfər edib. Dövlət başçısı bir sıra infrastruktur sahələrinin, dənli bitki toxumlarının emalı zavodunun istifadəyə verilməsində, taxıl biçininə başlanması mərasimində, Ağcabədidə “ASAN Xidmət” mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə də olub.