“2020–2030-cu illər üçün Strategiya”da bu istiqamətdə mühüm müddəalar əksini tapıb

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyunun 2-də “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Strategiyanın əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaq, respublika ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaq, onların maraqlarını qorumaq, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etmək və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.

Sənəddə vurğulanır ki, Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil ilə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Qeyd olunan prinsiplər dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur.

Strategiyada uşaqların mədəni-estetik tərbiyəsi və onların mədəni tədbirlərdə iştirakının təmin edilməsi istiqamətində prioritetlər müəyyən edilib:

 

- xüsusi istedadı olan uşaqların aşkarlanması istiqamətində fəaliyyətin gücləndirilməsi;

- uşaqlarda düzgün ilkin nitq və nitq vərdişlərinin və bacarıqlarının formalaşdırılması məqsədilə müvafiq tövsiyələrin hazırlanması;

- müxtəlif yaşlı uşaqların Azərbaycan dili biliklərini inkişaf etdirəcək müasir vasitələrlə (jurnallar, kitablar, televiziya verilişləri və s.) təminatı imkanlarının yaradılması;

- uşaq teatrının və uşaqların ədəbi-bədii yaradıcılığının inkişafı istiqamətində tədbirlərin genişləndirilməsi;

- uşaqlar arasında sağlam həyat tərzinin və fiziki inkişafın təbliği, həmçinin onların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi.

 

Məlum olduğu kimi, hazırda ölkəmizdə təhsil və mədəniyyətin müxtəlif sahələrində inklüzivliyə diqqət göstərilir. Təsdiq olunan yeni strategiyada bu sahədə fəaliyyətin genişləndirilməsi ilə bağlı müddəalar da yer alıb.

Sənəddə kitabxanaların uşaq şöbələrinin, kitab fondlarının zənginləşdirilməsi, fondda saxlanılan informasiya resurslarının müxtəlifliyinin və müasir texnologiyalardan istifadə etməklə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün uyğunlaşdırılmasının (Brayl əlifbası, audiokitablar və s.) təmin edilməsi də əksini tapıb. Uşaqların asudə vaxtının təşkili işinin gücləndirilməsi, uşaq istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin səmərəliliyinin artırılması da strategiyada yer alıb. Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların inklüziv təhsilinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi də müddəalarda əks olunub.

Bundan əlavə, məktəbdənkənar təhsil müəssisələrinin inkişafı istiqamətində tədbirlərin görülməsi, uşaqların zərərli informasiyadan qorunması istiqamətində tədbirlərin gücləndirilməsi, habelə uşaqlar (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların maraqları nəzərə alınmaqla) üçün teleradio məhsullarının, xüsusilə cizgi filmləri, uşaq mahnıları, uşaq tamaşaları, maarifləndirici xarakterli sosial çarxlar hazırlanmasına dair dövlət sifarişlərinin verilməsi də yeni strategiyada əksini tapan məqamlardır.

Uşaqların dünyagörüşünün və biliklərinin artırılması məqsədilə müasir tərtibatda bədii ədəbiyyat nümunələrinin və vəsaitlərin sayının artırılması, həmçinin xaricdə yaşayan azərbaycanlı uşaqların Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini mənimsəməsi istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi də sənəddə qeyd olunub.

Strategiyada uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi, onların milli-mənəvi ruhda tərbiyə edilməsi istiqamətində tədbirlərin səmərəliliyinin artırılması da vurğulanıb.

Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib. Nazirlər Kabinetinə strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.