“Məhdudiyyətlər var, ancaq vətəndaşlarımız bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi onları qorumaqdır”

Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri iyunun 9-da üç modul tipli yeni xəstəxananın açılış mərasimində deyib.

Dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsindəki xəstəxananın, həmçinin videobağlantı vasitəsilə 1 saylı Sumqayıt şəhər xəstəxanasına və Abşeron rayonundakı Saray qəsəbə xəstəxanasına təhkim edilən modul tipli xəstəxanaların açılışı olub.

Xatırladaq ki, ilk belə xəstəxana mayın 7-də Bakıda istifadəyə verilib. Daha altı kompleksin bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.

Prezident İlham Əliyevə məlumat verilib ki, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan hər bir kompleks mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.

Dövlət başçısı və birinci xanım həkim kollektivi ilə görüşüblər.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcək: “Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək. Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.

Prezident diqqətə çatdırıb ki, pandemiyanın ilk günlərindən görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanıb və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır: “Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin”.

Prezident bildirib ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Halbuki bir sıra ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Karantin şəraitində qalan vətəndaşlar üçün də xüsusi şərait yaradılıb. Onlar 4-5 ulduzlu hotellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir. Beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Dünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb.

Dövlət başçısı deyib: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir. Bu məktubların çox kiçik bir hissəsi mətbuatda dərc edilir. Ancaq o məktublar göstərir ki, bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan bu məktublar gəlir və insanlar minnətdarlıqlarını bildirirlər. Eyni zamanda, məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların maddi məsələləri də həll olunubdur və Azərbaycan burada da liderlik göstəribdir. Ümumiyyətlə, mübarizəyə və pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqəyə aid olan insanlara, sahibkarlara və bütün işləri təşkil etmək üçün 3,5 milyard manat vəsait nəzərdə tutulubdur və bu vəsait xərclənir. Tibbi avadanlığın, dərman preparatlarının alınması - bütün bu işlərə dövlət böyük vəsait ayırdı”.

Prezident bütün bu işləri təşkil edən qurumların fəaliyyətini də yüksək qiymətləndirib: “Operativ Qərargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB fəal işləyirlər. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm”.

Dövlət başçısı qeyd edib ki, mövcud vəziyyətdə vətəndaşların maskalardan istifadə, sosial məsafəyə riayət kimi qaydalara əməl etməsi çox vacibdir: “Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Çünki cəmi bu üç amil, – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, – gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.

İndi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda. Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir”.

Prezident vurğulayıb ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır: “İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik”.