Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə yaradılan “Qarabağ Azərbaycandır!” (Karabakh İs Azerbaijan!) adlı “Youtube” kanalının videotəqdimatı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bu münasibətlə təşkil edilən virtual tədbirə Bakıdan və müxtəlif regionlardan 50 nəfərədək diaspor könüllüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Əsədov və Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov qatılıb.

A.Əsədov “Karabakh İs Azerbaijan!” adlı “Youtube” kanalının əhəmiyyətini qeyd edib və görüləcək işlərdən danışıb.

Könüllü gənclər vurğulayıblar ki, dünyada informasiya müharibəsi getdiyi bir vaxtda hər birimiz Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Kanalda Qarabağın tarixi, təbiəti, adət-ənənələri, mətbəxi, əhalisi, mədəniyyəti, musiqisi, şəxsiyyətləri və s. haqqında Azərbaycan, ingilis və rus dillərində videolar hazırlanaraq yayımlanacaq.

Kanalın məqsədi “Qarabağ Azərbaycandır!” ifadəsinin bütün dünyaya qəbul etdirilməsi, müxtəlif ölkələrdə yaşayan gəncləri Azərbaycan həqiqətlərinin təbliği istiqamətində daha da səfərbər etməkdir.