Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 və 11 iyun tarixlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək. DİM-dən verilən məlumata görə, paytaxtın Xətai və Nərimanov rayonları da daxil olmaqla  imtahanlar respublikanın 39 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, daha öncə elan olunan qrafikə görə, buraxılış (qəbul) imtahanları 6-7 iyunda başlanmalı idi. Lakin həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı bu tarixlər dəyişdirildi. DİM növbəti həftəsonunda da sərt karantinin tətbiqini nəzərə alaraq digər şəhər və rayonlar üzrə imtahanları da həftə içində – 18-19 iyunda keçirməyi planlaşdırır.

İyunun 9-da ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) elektron ərizə qəbulu başa çatıb. İyunun 9-na olan məlumata görə, I-IV ixtisas qrupları üzrə Azərbaycan və rus bölməsi üzrə ümumiliklə 72 min 68 abituriyent elektron ərizəsini təsdiq edib. Onlardan 65 min 975 nəfəri Azərbaycan, 6 min 93-ü isə rus bölməsi üzrə təhsil alanlardır. Bundan başqa, V qrup üzrə qeydiyyatdan keçənlərin sayı 56 min 852 nəfərdir. Tam orta ixtisas təhsili üzrə isə bu rəqəm 59 min 777 nəfər təşkil edir.

İyunun 10-da isə magistraturaya jurnalistika üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır. DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Qeydiyyatdan keçənlər iyunun 10-da “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və iyunun 11-dən 16-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidir. İmtahanın onlayn formada keçirilməsi nəzərdə tutulur.