İyunun 11-də Dünya Səhiyyə Təşkilatının  yeni növ koronavirus  (COVİD-19) infeksiyası ilə bağlı pandemiya (yəni epidemiyanın dünya miqyasında yayılması) elan edilməsinin 3 ayı tamam olur. Demək olar ki, elə həmin tarixdən (11 mart) başlayaraq dünyanın bir çox ölkələrində pandemiyadan qorunmaq üçün sosial izolyasiya və karantin tədbirlərinin tətbiqinə başlanıb.

Üç ay sürən karantin ayrı-ayrı ölkələrdə tədricən yumşaldılsa da, məhdudiyyətlər rejimi ümumən hələ davam edir. Bu məhdudiyyətlərə və onların nə qədər davam etməsinə (edəcəyinə) ictimai münasibət müxtəlifdir. Hətta karantinin səmərəsiz tədbir olduğunu iddia edənlər də var. Bəs karantin olmasaydı, nələr olardı?

Britaniyada aparılmış bir elmi tədqiqat bu suala müəyyən mənada cavab verir. Tədqiqatdan gəlinən qənaətə görə, karantin tədbirləri görülməsəydi, Avropada koronavirusdan ölənlərin sayı bu gün milyonlarla ölçülə bilərdi. Londondakı İmperiya Kollecinin apardığı tədqiqat Avropanın 11 ölkəsini – Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, İtaliya, Norveç, İspaniya, İsveç, İsveçrə və Britaniyanı əhatə edib. Alimlər may ayının əvvəllərinədək olan statistikadan istifadə ediblər.

Həmin vaxtadək sadalanan ölkələrdə 130 min insan vəfat etmişdi. Alimlər xəstəliyin karantinsiz şəraitdə mümkün statistikasını modelləşdiriblər. Hesablamalara görə, əgər karantin tətbiq edilməsəydi, mayın 4-dək ölənlərin sayı 3 milyondan çox olardı. “Nature” jurnalının yazdığına görə, bu halda koronavirusdan ölənlərin sayı Britaniyada 470 min, Fransada 690 min, İtaliyada 630 min olacaqdı.

Kaliforniya Universiteti Çin, İran, Cənubi Koreya, Fransa və ABŞ-da virusun yayılmasının fəsadlarını araşdırıb. “Nature” jurnalında dərc olunmuş hesabatda deyilir ki, karantin adıçəkilən ölkələrdə 530 milyon insanı yoluxmadan qoruyub.

Lakin alimlərin tətbiq etdiyi model bunu da göstərir ki, karantin tədbirləri olmasaydı, pandemiya bir çox ölkələrdə başa çatmış olacaqdı. Yəni, bu və digər ölkədə hər 10 nəfərdən 7-si COVİD-19-a yoluxacaq və beləliklə də yaranan kütləvi immunitet virusun yayılmasının qarşısını alacaqdı. Amma bu kütləvi immunitet milyonlarla insanın ölümü hesabına başa gələrdi. Hazırda sözügedən ölkələr üzrə koronavirusa yoluxma (aparılan test nəticələrinə görə) 4-5 faiz təşkil edir. İyunun 9-na olan məlumata görə, dünya üzrə 7,2 milyon nəfər koronavirusa yoluxub, onların yarısı (təxminən 3,6 milyon) sağalıb, 410 minə yaxın insan vəfat edib.