Sessiyada Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bəyanatı səsləndirilib

İyunun 8-9-da Parisdə UNESCO-nun İcra Şurasının xüsusi sessiyası keçirilib. Onlayn formatda gerçəkləşən sessiyanın iştirakçıları COVİD-19 pandemiyasının UNESCO-nun proqram və fəaliyyətinə təsirinə dair fikir mübadiləsi aparıblar.

Toplantıda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının adından bəyanat səsləndirilib. Bəyanatı ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov təqdim edib.

Bəyanatda təkcə insanların səhhətinə deyil, eyni zamanda sosial həyatın ən vacib sahələrinə də təsir göstərmiş COVİD-19 pandemiyası ilə bağlı Qoşulmama Hərəkatına üzv dövlətlərin narahatlığı ifadə olunub.

Bildirilib ki, bərabərsizlik, irqçilik, ayrı-seçkilik və stereotiplərin artan meyillərinə qarşı mübarizə aparmaq məqsədilə bəşəriyyətimiz üçün çətin olan bu günlərdə birliyə, həmrəyliyə və çoxtərəfli əməkdaşlığa əsaslanmış qlobal reaksiyanın yenilənməsi həmişə olduğundan daha çox zəruridir.

UNESCO yanında dami nümayəndə koronavirusun mənfi təsirlərinin öhdəsindən gəlmək üçün ölkələrə yardım etmək məqsədilə bütün resursları səfərbər etmək və adekvat tədbirlər həyata keçirmək istiqamətində səyləri daha da möhkəmləndirməyin vacibliyini vurğulayıb. O diqqətə çatdırıb ki, məhz bu məqsədlə Azərbaycanın təşəbbüsü əsasında mayın 4-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, eləcə də mayın 20-də Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizə üzrə Təmas Qrupunun Səhiyyə nazirlərinin videokonfrans formatında görüşü təşkil edilib.

Qeyd olunub ki, Qoşulmama Hərəkatı üzləşilən pandemiya ilə bağlı UNESCO-nun dərhal reaksiya verməsini, xüsusilə də dünyada pandemiyaya görə fəaliyyətləri pozulan təhsil və mədəniyyət müəssisələrinin işinin bərpası və gələcək pandemiya dövrü üçün həll yolları tapmaq istiqamətindəki reaksiyasını alqışlayır. Qoşulmama Hərəkatı bu təşəbbüslərin UNESCO-nun idarəetmə orqanlarının qaydaları və prosedurlarından kənara çıxmadan üzv dövlətlərlə sıx məsləhətləşmələr aparılmasının vacibliyini düşünür.

A.Kərimov Azərbaycanın Afrika, Latın Amerikası və Asiya ölkələrinə pandemiyaya qarşı mübarizədə göstərdiyi humanitar yardımdan da söz açıb. Səfir bəşəriyyətin bəlasına çevrilmiş COVİD-19 pandemiyası ilə mübarizədə UNESCO-nun səylərini alqışlayıb.

Xüsusi sessiyada UNESCO-nun İcra Şurasının iş metodu müzakirə olunub. Həmçinin İcra Şurasının qarşıdakı 209-cu sessiyasının işinə pandemiyanın təsirlərinə dair təqdimatlara baxılıb.

Qeyd edək ki, UNESCO-nun İcra Şurasının 209-cu sessiyası 29 iyun – 10 iyul tarixində təşkilatın qərargahında keçirilməlidir. UNESCO-nun saytında sessiya ilə bağlı məlumatda onun hansı formatda gerçəkləşəcəyi dəqiqləşdirilməyib.