Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron resurs hazırlayaraq istifadəçilərə təqdim edib.

Kitabxananın saytında yerləşdirilən elektron resursda alimin həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri və s. məlumatlar əksini tapıb. Elektron topluda Vasim Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida xanım haqqında fikirləri, xatirələr, foto və videoqalereya da yer alıb.

Respublika Gənclər Kitabxanası “İnstagram” səhifəsində Əməkdar incəsənət xadimi, nasir, şair, dramaturq Baba Vəziroğlu ilə evdən canlı görüş keçirib. Baba Vəziroğlu ilk mütaliə təcrübələri haqqında danışıb, mütaliənin, kitabın onun həyatında necə mühüm rol oynadığını dilə gətirib. Qonaq həmçinin müasir gənc yazarlar haqqında fikirlərini bölüşüb, onlara tövsiyələr verib.

Canlı yayım müddətində Baba Vəziroğlu müəllifi olduğu “Sevgi var ayrılıqdan güclüdür, vallah” və “Xatirədir” şeirlərini səsləndirib. Sonda kitabxananın şöbə müdiri Günay Həsənova qonağa canlı yayıma qatıldığına görə təşəkkürünü bildirib.

***

Binəqədi rayon MKS görkəmli rus şairi Aleksandr Puşkinin doğum günü münasibətilə onun həyat və yaradıcılığına həsr olunan iki dildə (Azərbaycan, rus) videoçarx, “Kitabxanaçının tövsiyəsi”,  “Ucadan oxu” layihələri üzrə video, biblioqrafik icmal, virtual kitab sərgisi hazırlayıb.

Kitabxananın əməkdaşları və fəal oxucuları “Facebook” və “İnstagram” hesabları üzərindən Puşkinin şeirlərini və nağıllarını səsləndiriblər.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası pandemiya dövründə oxuculara ədəbiyyatı təbliğ etmək məqsədilə “Onlayn müzakirə” rubrikasında ədəbiyyatşünaslarla, yazıçı və şairlərimizlə müntəzəm görüşlər keçirir. Rubrikanın təşkilində izləyicilərin rəy və təklifləri əsas götürülür.

“Onlayn müzakirə”nin növbəti qonağı gənc şair Aqşin Evrən olub. O, söhbət zamanı “Mənfi sənsiz dərəcə” kitabından da söz açıb, şeirlərini oxuyub, izləyicilərin suallarını cavablandırıb. Gənc şair layihədən razı qaldığını söyləyib və kitabxanaya minnətdarlığını bildirib.

Xəzər rayon MKS-nin 3 nömrəli filialı isə Azərbaycanın tarixi-memarlıq incilərindən olan Şəki Xan sarayına virtual səyahət təşkil edib. Saray haqqında videoslayd hazırlanıb, kitabxananın “İnstagram” və “Facebook” hesablarında paylaşılıb.

Videoslaydda qeyd edilir ki, Şəki Xan sarayı dünya əhəmiyyətli tarixi və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. İkimərtəbəli saray binası 300 kvadratmetr sahəni əhatə edir, altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir.

***

Suraxanı rayon MKS-nin Mərkəzi kitabxanası unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasının 112 illiyi münasibətilə videoçarxlar hazırlayıb. Kitabxanadan bildirilib ki, videoçarxlarda şairin ömür yolu və yaradıcılığından söhbət açılır və ona həsr olunan kitablar barədə məlumat verilir.

***

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) isə Azərbaycanın böyük satira ustadı Mirzə Ələkbər Sabirin əsərlərini PDF formatda oxuculara təqdim edir. MEK-dən bildirilib ki, istifadəçilər kitabxananın “Elektron kitablar” bazasına daxil olaraq kitabları yükləyə bilərlər.

MEK həmçinin professor Abbas Zamanovun “Sabir xatirələrdə” kitabını PDF formatda təqdim edib. Kitabda Sabirin müasirlərinin onun haqqında mətbuatda, həmçinin şairə həsr olunmuş ayrı-ayrı kitablarda yazdıqları xatirələr ilk dəfə olaraq bir yerə toplanıb.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 nömrəli filialı kiçikyaşlı oxucular üçün rus dilində H.X.Andersenin “Düyməcik” nağılını və Azərbaycan dilində “Kral şir” nağılını səsləndirərək videoçaxrlar hazırlayıb.

Kitabxananın izləyicilərə təqdim etdiyi nağıllar heyvanların dili ilə insanlara bir ismarışdır, metaforadır, təbiətə sevgi, zəifə qayğı, zərif məxluqları qorumaq hisslərini aşılayır.