AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının nəzdində daimi “Elmi seminar” fəaliyyət göstərir. Burada müxtəlif mövzularda elmi məruzələr təqdim edilir, müzakirələr aparılır.

“Elmi seminar”ın növbəti toplantısı videobağlantı vasitəsilə həyata keçirilib. “Qələmi və cərrah bıçağı ilə xalqa xidmət edən Cavad Heyət” adlı videoseminar cərrah alim, tanınmış ədəbiyyatşünas və türkoloqun 95 illiyinə həsr olunub.

Muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Nərmin Əliyeva məruzəsində Cavad Heyətin həyat və yaradıcılığı haqqında danışıb, onun təsisçisi olduğu “Varlıq” jurnalından, şair Məhəmmədhüseyn Şəhriyarla dostluq əlaqələrindən bəhs edib.