AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov Qazaxıstanın Almatı şəhərində “Fərabi irsi” mövzusunda keçirilmiş beynəlxalq onlayn konfransa qatılıb.

İnstitutdan bildirilib ki, S.Hüseynov onlayn konfransda “Orta əsrin böyük filosofu Əbu Nəsr əl-Fərabi və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alim məruzəsində Fərabinin fəlsəfi irsini və onun Aristotelin, Platonun fəlsəfi təliminə münasibətini ümumi şəkildə izah edib, Fərabinin fəlsəfi irsinin Orta əsrlər Azərbaycan filosoflarından Əfzələddin Xunəci (1193-1248), Siracəddin Urməvi (1198-1283) və başqalarının təliminə təsirindən danışıb. Tədqiqatçı müasir dövrdə də Azərbaycan alimlərinin əsərlərində Fərabi yaradıcılığından istifadə edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, konfrans ensiklopedik alim, İslam dünyasının məşhur filosofu Əbu Nəsr əl-Fərabinin 1150 illiyinə həsr edilib.